• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3271
— 28.11.2014 16:03

Qapıçı Kamal Bayramovun işsiz günləri sona çatıb

"Araz Naxçıvan"ın dağılmasından sonra azad transfer alıb sərbəst qalan futbolçular bir-birinin ardınca özlərinə yeni komanda tapmaqdadır. Bu mənada qapıçı Kamal Bayramovun da işsiz günləri sona çatıb. İki həftə davam edən danışıqlardan sonra qolkiper xidmətlərində maraqlı olan AZAL-la anlaşıb. Danışıqların bu qədər uzanmasına tərəflərin maliyyə məsələsində orta məxrəcə gələ bilməməsi səbəb olub. Amma sonda "təyyarəçi"lər Kamalı qane edəcək şərtləri irəli sürərək, xoşbəxt sonluğa çatıblar.

Kamal Bayramov- qolkiper: "İki komandadan təklif gəlmişdi. (Birinin adını açıqlamaq istəmir). AZAL-ın təklifi mənim üçün real oldu. İkitərəfli danışıqlardan sonra razılığa gəldik. AZAL-ın heyətində digər təklif göndərən kluba nisbətən daha çox oynamaq şansım olacaq".

Qapıçı yeni komandası ilə ilkin olaraq 6 aylıq müqaviləyə imza atıb. Mövsümün sonunda tərəflərin istəyinə əsasən anlaşmanın müddəti daha bir il artırıla bilər. Hazırda isə Kamalı yeni klubunda əsas heyətə düşmək uğrunda Ruslan Məcidov və Stanislav Namaşka ilə ciddi rəqabət gözləyir.

Kamal Bayramov- qolkiper: "Rəqabət olan yerdə həmişə inkişaf olur. AZAL-ın heyətində də iki yaxşı qapıçı var. Bunun üçün heyətə düşmək çətin olacaq. Çalışacağam ki, mən də bu rəqabətə qoşulub və əsas heyətdə yer alım".

Qeyd edək ki, AZAL 29 yaşlı qapıçının peşəkar karyerasında sayca 3-cü paytaxt, ümumilikdə isə 7-ci klubu olub.

 

Orxan Cəfərzadə