• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1001
— 17.09.2014 02:51

Göygöldə payızlıq taxılın səpininə başlanılacaq

Göygöl rayonunda sentyabrın 20-dən etibarən taxıl səpini başlayacaq. Payızlıq əkin üçün 2 min ton taxıl səpiləcək ki, bu da ötən ilki göstəricidən 400 ton çoxdur.

Göygöl rayonunda ümumilikdə 10 min hektar əraziyə taxıl əkilir ki, bunun da 8 mini suvarılan, 2 mini isə dəmyə torpaqlardır. Sentyabrın 20-dən isə rayon üzrə 2 min ton taxıl əkiləcək ki, bunun 1700 tonunu buğda, 3 min tonunu arpa təşkil edir. Toxumların əsasını Azəri, Aran, Əkinçi-84, Əzəmətli-95, Qobustan, Taleh 38 buğda, Cəlilabad-19, Qarabağ-22 arpa sortları təşkil edir.

Nəriman Ələkbərov- Göygöl rayon Dövlət Toxum Müfəttişliyinin rəisi:“Rayonda 19 toxumçuluqla məşğul olan qurum var. Onlardan 3-ü dövlətdi, 16-sı isə özəldi. Rayon üzrə nəzərdə tutulan səpin üçün kifayət qədər toxumumuz istehsal olunub, təmizlənib, dərmanlanıb, çeşidlənib və toxumçular öz anbarlarında saxlayır. Hətta kənar yerlərə satmaq üçün kifayət qədər toxumumuz da var”.

Rayonda anbarlara yığılan taxıl kisələrinin üzərinə “Toxumluq haqqında Qanun”un tələblərinə uyğun olaraq Respublika Dövlət Toxum Müfəttişliyi tərəfindən toxumun etiketi vurulub. Burada taxılın sortu, çəkisi, toxum istehsalçının kodu, dərmanlanmada istifadə olunan preparatın adı, istehsal ili yazılıb. Məlumat üçün bildirək ki, anbarlarda 500 ton əlavə taxıl toxumu var ki, bu da ətraf rayonlardan olan fermerlərə satılacaq.

Elnur Vahidoğlu