Bu günə xəbərlərin oxunma sayı: 824
— 13.11.2014 10:36

Səkinə Axundzadə

Səkinə xanım Mirzə Heybət qızı Axundzadə ilk qadın dramaturqdur. O, Azərbaycanın ilk qadın müəllimələrindəndir.

Səkinə xanım 1865-ci ildə Qubada anadan olub və ibtidai təhsilini də orada alıb. Atası Mirzə Heybət "Fəda" təxəllüsü ilə şeirlər yazırdı və A.A.Bakıxanovun təşkil etdiyi "Gülüstan" ədəbi məclisinin üvzü idi. 1900-cü ildə ailəsi ilə birlikdə Bakıya köçən Səkinə xanım Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbində şəriət və ədəbiyyat dərslərini tədris edib. Bakıda və Qubada xalqın maariflənməsi yolunda böyük işlər görüb, qız məktəblərinin açılmasına, təhsil alan şagirdlərə müntəzəm olaraq maddi yardım göstərilməsinə vəsilə olub.

Səkinə xanım Axundzadə “Elmin bəhrəsi”, “Gəlin və qaynana”, “Bəxtsiz bala”, “Zülmün səmərəsi”, “Haqq söz acı olar”, “Şahzadə Əbülfəz” və bir çox pyeslərin müəllifidir. “Zülmün bəhrəsi”ni Hüseyn Ərəblinski 1914-cü ildə Tiflisdə, Abbas Mirzə Şərifzadə 1917-ci ildə və 1922-ci ildə Bakıda tamaşaya qoyublar. Videomaterialda dramaturqun ev muzeyi, onun həyat və fəaliyyəti ilə bağlı məlumatlar verilir.