• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 764
— 06.11.2014 15:27

Gəncədə məktəblilər üçün Təhlükə-siz və İşıqlı həyat adlı layihələrin icrasına başlanılıb

Gəncədə Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun  maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə  "Təhlükə-siz" və "İşıqlı həyat" adlı layihələrin icrasına başlanılıb. Bu münasibətlə şəhərin bir neçə orta məktəbində aşağı sinif şagirdləri ilə görüş keçirilib.

"Təhlükə-siz" layihəsi çərçivəsində məktəblilərə yol hərəkəti qaydaları və yol nişanları barədə ətraflı məlumat verilib, maarifləndirici bukletlər paylanılıb. "Qaranlıqda görün" devizi altında keçirilən "İşıqlı həyat" layihəsinin məqsədi isə yol hərəkəti qaydaları çərçivəsində piyadaların təhlükəsizliyini təmin etməkdir. İcrasına 2013-cü ilin aprelindən başlanılan layihə ilkin mərhələdə Bakı məktəblərini əhatə edib.  

Tuqay Kərimov- "İşıqlı həyat" layihəsinin koordinatoru: "Ümid edirəm ki, Azərbaycanın digər rayonlarında da bu "işıq qaytarıcıları"nı izahlı şəkildə paylayacağıq və layihə məqsədinə çatacaq".

Bunun üçün məktəblilərə Litva şəhərində istehsal olunan "işıq qaytarıcılar" paylanılıb və onların istifadə qaydası haqda məlumat verilib.

Vahid Musaquliyev- 4 nömrəli məktəbin şagirdi: "Mən öyrəndim ki, axşamlar sürücü bizi görməyəndə işıq qaytarıcılardan istifadə etməliyik ki, o, işığı sürücüyə qaytarsın və sürücü bizi görsün".

Aysu Məmmədova- 4 nömrəli məktəbin şagirdi: "Mən istəyirəm ki, bütün uşaqlar, dostlarım bu haqda məlumat alsınlar".

İlkin olaraq məktəblilərə təqdim olunan "işıq qaytarıcıları"nın növbəti mərhələlərdə digər vətəndaşlara da paylanılması nəzərdə tutulub.

Gülnar Fazilqızı