• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 04.11.2014 12:45

Ağstafada yeni Musiqi və incəsənət mərkəzi inşa ediləcək

Mərkəzin gələn il istifadəyə verilməsi nəzərdə tutulub. Bundan başqa Ağstafada küçələr abadlaşdırılır, mədəniyyət ocaqları da yenilənir.

Ağstafada Musiqi və incəsənət mərkəzinin tikintisi üçün 1 hektar ərazi ayrılıb. Burada yeni bina ilə yanaşı incəsənət parkının yaradılması da nəzərdə tutulub. Ud formasında tikiləcək müasir bina gələn ilin mayında istifadəyə veriləcək. Bundan əlavə şəhərin ikinci ən böyük küçəsi olan Rafael Əsədov küçəsində işlər sürətlə aparılır. Səkilərə daş düzülür, işıq dirəkləri qoyulur, küçənin əsas hərəkət hissəsi asfalt çəkilişinə hazırlanır. Adıçəkilən küçənin yenidən qurulması rayonun Xətai, Yenigün, Qaçaq Kərəm, Aşağı Kəsəmən, Zəlimxan və Aşağı Göycəli kəndlərinin Ağstafa şəhəri ilə əlaqəsini daha da yaxşılaşdıracaq.

Qəzalı vəziyyətdə olan 5 saylı uşaq bağçası-körpələr evinin tikintisi də davam etdirilir. Ağstafada mədəniyyət ocaqları da yenilənir. Hazırda hər ikisi 250 yerlik olan Dağ Kəsəmən kənd mədəniyyət evinin və Ağstafa rayon mədəniyyət evinin əsaslı təmiri işlərinə başlanılıb. 60 il öncə inşa olunan binada əsaslı təmir və yenidən qurma işləri aparılmadığından mədəni-kütləvi tədbirlərin keçirilməsinə şərait olmayıb. İşlər yekunlaşdıqdan sonra səhnədə müasir avadanlıqlar da quraşdırılacaq.

Rahim İbrahimoğlu