• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2653
— 14.01.2017 13:20

Ermənistan növbəti dəfə təxribata əl atıb

KepezTV Player

Ermənistanın qoşunlarının təmas xəttində növbəti dəfə təxribata əl atması, dinc əhaliyə xəsarət yetirmək məqsədi daşıyır. Azərbaycan-Ermənistan dövlət sərhəddində vəziyyətin gərginləşməsinə çalışan rəsmi İrəvan, bu dəfə pilotsuz uçuş aparatına kustar üsulla hazırlanan partlayıcı qurğu da əlavə edib.

Ermənistanın yanvarın 12-də Tovuz rayonu sahəsində, qoşunların qarşıdurma xəttinə yaxın əraziyə atdığı partlayıcı qurğu mənşəyi və mənsubiyyəti məlum olmayan qeyri-ənənəvi üsulla hazırlanıb. Azərbaycanın Müdafiə nazirliyi bəyan edir ki, rəsmi Yerevanın növbəti təxribatının arxasında müdafiənin ön xəttində yerləşən bölmələrimizin şəxsi heyətinə, həmsərhəd ərazilərdəki yaşayış məntəqələrinin dinc əhalisinə xəsarət yetirmək məqsədi var.

Qabil Hüseynli- politoloq: “Qarşı tərəf belə addımlar atmaqla hələ də anlamır ki, bu provaksiyalar Cənubi Qafqazda müharibənin alovlanmasına və Ermənistanın yer üzündən silinməsinə səbəb ola bilər”.

Aprel hadisələri nəticəsində ermənilərin yaşadığı qorxu, hələ də onların canlarındadır. Qabil Hüseynlinin sözlərinə görə, son zamanlar təxribatların sayının artması da, məhz bu qorxunun təzahürüdür.

Uzun müddət təhlükəsizlik xidməti sahəsində çalışan Arzu Nağıyev bunu, xüsusi xidmət orqanlarının köməyi olmadan qeyri-mümkün hesab edir. Bu cür təxribatlar Ermənistanın siyasi-hərbi rəhbərliyinin əmrilə hazırlanır. Beynəlxalq normativ hüquqi qaydalarla istifadəsi qadağan olunan bu cür vasitələrin məqsədyönlü şəkildə tətbiqi, Azərbaycanı cavab tədbirləri görməyə təhrik etmək, təmsil olunduğu hərbi-siyasi blokun digər üzvlərinin diqqətini növbəti dəfə münaqişəyə cəlb etmək üçündür. Müdafiə Nazirliyi bir daha bəyan edir ki, baş verə biləcək hər hansı insidentə və onun nəticələrinə görə məsuliyyət, tamamilə Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərindədir.
 

Rahim İbrahimoğlu