• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2679
— 23.11.2016 10:25

Dünyanın ən böyük muzeyləri

Əgər bir cəmiyyətin mədəni, tarixi, elmi keçmişi sizi maraqlandırırsa, bu zaman  ən çox faydalanacağınız yerlərdən biri muzeylərdir.  Sözsüz ki, dünyadakı bütün muzeyləri gəzmək çox çətindir, amma əgər əlinizə fürsət düşərsə, mütləq sizin üçün seçdiyimiz muzeylərə baş çəkin.

 Vatikan muzeyi 

1473-cü ildə əsası qoyulan muzey dünyanın ən böyük muzeyi hesab edilir. Onun bütün sərgilərini görmək üçün 7 km məsafə qət etmək lazımdır. Muzeydə intibah dövrünə aid rəsm əsərləri görə bilərsiniz. Xüsusilə intibah dövrünün ən məşhur əsərlərindən biri, Mikelancelonun müəllifi olduğu “Qiyamət gecəsi” və ya “Son mühakimə” adlı rəsm əsərinin də yer aldığı Sikstin Kapellası muzeyin əsas incisidir. Qiymətə gəlincə, cəmi  5-10 avro ödəməklə bu şedevrlərlə tanış ola bilərsiz.

  Luvr muzeyi 

Fransanın paytaxtı Parisdə yerləşən muzeydə 300 mindən çox əsər var. Misir, Yunan və Ərəb mədəniyyət incilərinin də yer aldığı muzeyin, şübhəsiz ki, ən özəl eksponatı Leonardo Da Vinçinin məşhur “Mona Liza” əsəridir.   Muzeyin ərazisi xeyli böyükdür. Deyilənə görə, muzeyi tamamən gəzib bütün eksponatlarla yaxından tanış olmaq üçün təxminən 3 həftə lazımdır.

 Britaniya muzeyi

Londonda yerləşən muzeydə dünyanın hər yerindən gətirilən müxtəlif sənət əsərləri nümayiş etdirilir. Muzey 1753-cü ildə ilk dəfə açılan zaman yalnız əlyazmalar və bəzi əntiq əşyalar göstərilirdi. Daha sonra arxeologiyaya böyük maraq olduğunu görən muzey rəhbərləri dünyanın bir çox hissəsindən müxtəlif sənət əsərlərini topladılar.

Uffizi qalereyası

Florensiyada yerləşən qalereya  qərbin ən məşhur muzeyləri sırasındadır. İtaliyalı rəssam Sandro Botiçellinin ən məşhur əsəri “Veneranın doğulması” muzeyin ən populyar əsəri hesab olunur. Dünyaca məşhur rəssamlar Da Vinçi, Mikelancelo, Rembrandt, Rafael kimi şəxslərin əsərlərini görmək istəyirsinizsə, Uffizini ziyarət edə bilərsiniz.

 

Ermitaj Muzeyi

Rusiya çariçası II Yekaterinanın 1764-cü ildə  Sankt- Peterburq şəhərində əsasını qoyduğu Ermitaj Muzeyi dünyanın ən böyük və ən qədim muzeylərindən biridir. Əksəriyyəti  tablo olmaqla 3 milyondan çox əsərə ev sahibliyi edən muzeydə tanınmış rəssamlar  Mikelancelo, Pablo Pikasso, Da Vinçi, Van Qoq və başqalarının əsərlərinə tamaşa edə bilərsiniz.

Qahirə muzeyi

Əsası 1835-ci ildə qoyulan Qahirə muzeyi, 21-ci əsrdə məhv olma təhlükəsiylə qarşılaşan mədəni obyektlərdəndir. 2011-ci ildə Misirdə baş verən ixtişaşlar zamanı muzeyin eksponatları yağmalansa da, daha sonra əhali tərəfindən tapılaraq geri qaytarılıb. Muzeyin uzun illərdir ki, məşhur olmasına səbəb isə Qədim Misir mədəniyyətinə məxsus eksponatların sərgilənməsidir. Burada biz fironların heykəllərini, piramidalardan tapılan maddi-mədəniyyət nümunələrini görə bilərik. Muzey həftə içi daxil olmaqla 09.00-dan 19.00-a kimi açıqdır. Əgər siz də Misirə gedib Qahirə muzeyində olmaq istəyirsinizsə, 50 dollardan keçməli olacaqsınız.

 Metropoliten muzeyi

Dünya incəsənəti şedevrlərinin saxlandığı ən məşhur muzeylərdən biri -  Metropoliten muzeyi ziyarətçi sayına görə ilk dəfədir ki, rekord qıran mədəniyyət ocağıdır. Amerikanın Nyu-York şəhərində yerləşən muzey 1870-ci ildə yaranıb. Binada Orta əsrlər, Afrika mədəniyyəti, Yaxın Şərq mədəniyyəti, Qədim Dövr, Qrafika və digər şöbələrdə 3 milyona yaxın eksponat saxlanılır. Uzaq Şərq ölkələri şöbəsində Çin dövlətinə məxsus rəsm əsərləri, heykəltəraşlıq nümunələri, gümüş və saxsı qablar nümayiş olunur. Qədim Misir mədəniyyəti şöbəsində sarkofaq və mumiyaları görmək mümkündür. Qədim dünya mədəniyyəti şöbəsində Yunanıstan və Roma, həmçinin Kipr adasından götürülmüş eksponatlar sərgilənir. İmperator Konstantinin büstü, yaralı amazonka heykəli çoxlu ziyarətçi cəlb edən eksponatlardandır. Giriş qiyməti 25 dollardır.

İşgüzar Almaz