• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 732
— 27.10.2014 17:54

Bakıda “cibgirlərin baronu” saxlanılıb

Bakıda cibgirliklə məşğul olan şəxs saxlanılıb. Polisin araşdırması zamanı məlum olub ki, 43 yaşlı Sahib Əmirovun həyat yoldaşı da cibgirliklə məşğuldur. Ailəlikcə bunu özlərinə peşə seçən ailə haqqında daha ətraflı qarşıdakı videomaterialda…

Nizami rayon Polis İdarəsinin əməkdaşları əvvəllər qəsdən adam öldürmə və oğurluq maddələri ilə dəfələrlə məhkum olunan 43 yaşlı Sahib Əmirovu cibgirlik etdiyinə görə həbs ediblər. Sumqayıt şəhər sakini həyat yoldaşı ilə bərabər tutulub. Sahib Əmirov artıq istintaqa ifadə verib. Sentyabrda rəsmi nikaha girdiklərini deyən Sahib Əmirovun həyat yoldaşı da əvvəllər oğurluq və cibgirlik cinayətlərinə görə dəfələrlə məhkum olunub. Sahib Əmirov öz cibgir “həmkarı” ilə ailə qurmasının səbəbinə də aydınlıq gətirməyə çalışıb.

İstintaq araşdırması zamanı məlum olub ki , Sahib Əmirov 8-ci kilometr bazarının ərazisində cibgirlərin fəaliyyətinə nəzarət edir. O, kriminal aləmdə “cibgirlərin baronu” kimi tanınan şəxs olub. Saxlanılan zaman Sahib Əmirovun üstündən şəxsi istehlak miqdarından artıq narkotik maddə hesab olunan heroin aşkarlanıb. Saxlanılan şəxs narkotik vasitələrdən ara-sıra istifadə etdiyini bildirib.

Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsindən verilən məlumata görə, oğurlanan əşyalar və narkotik vasitə Sahib Əmirovun üzərində aşkar olunduğundan həyat yoldaşı araşdırma bitənədək sərbəst qalacaq.

Faktla bağlı rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin oğurluq və qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və daşıma maddələri ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.