• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3653
— 08.11.2016 15:13

Dəyişkən havaların yaratdığı xəstəliklər və onlardan qorunmağın yolları

Dəyişkən hava, ona uyğun dəyişməli olduğumuz geyimlər, bunun yaratdığı fəsadlar. Söhbət, bir müddətdir müşahidə edilən soyuq və yağmurlu hava şəraitinin mülayim və günəşli günlərlə əvəzlənməsinin yarada biləcəyi xəstəliklərdən gedir. Bunun üzərinə payızın da xəstəliklərin baş qaldırmasına verdiyi təkanı əlavə etsək, xəstələnməmək istəyənlərin qarşıdakı materiala diqqət etməyi məsləhətdir.

Qış gəlməmiş yağan qar, yağışlar, temperaturun kəskin enişi adət etdiyimizdən tez baş verdiyindən əyin-başımızı da ona uyğun geyinməli olduq. Lakin pis günün ömrü az olduğu kimi, anomal havanı mülayim payız havası əvəzlədi və yenidən geyimimizi havaya uyğunlaşdırmalı olduq.

Hava dəyişkənliyinin diqtə etdiyi geyimə uyğunlaşma bir çox halda xəstələnmələrlə müşahidə olunur. Həkimlər sağlamlığına dəyər verənləri fəsilə uyğun yox, gündəlik hava şəraitinə münasib geyinməyə çağırır.

Həkimə bu aralarda artan müraciətlər də bunun əsassız olmadığını deməyə əsas verir. Təcili yardıma da gün ərzində 100-dən artıq çağırış olunur. Əsasən zökəm, qrip, tənəffüs yolları, mədə-bağırsaq pozulmaları kimi şikayətlər üstünlük təşkil edir.

Rövşən Bağırov- terapevt: “Nəzərə almaq lazımdır ki, fəsilə görə geyinməsinlər, havaya görə geyinsinlər. Çünki, müəyyən dərəcədə soyuqlama olanda, virus xəstəlikləri və digər xəstəliklər baş verir, artır. Yeməklərinə fikir versinlər. Meyvələrdən çox istifadə etsinlər. Təbii şirələrdən, göyərti və tərəvəzlərdən çox istifadə etsinlər. Əgər şəxs artıq qripə yoluxubsa , orda müəyyən preparatlar var - oksalin mazı, interferon, bunlardan istifadə edə bilərlər”.

Şəfanı dərmanlarda və həkimdə axtarmamaq üçün isə soyuqdan qorunmaq şərtdir. Şəhər sakinləri də apardığımız sorğu nəticəsində “ayağını isti saxla, başını sərin” prinsipi ilə yaşadıqlarını gizlətməyiblər.

Adışirin Novruzov- şəhər sakini: “Qış mövsümündə xəstələnməmək üçün birinci növbədə yeməklərə fikir vermək lazımdır ki, həmin yeməklər qış mövsümünə uyğun olsun. Bununla bərabər, üst-başını da yaxşı saxlamalısan ki, soyuqdan qorunasan. Elə qrip və digər xəstəliklərdən qorunmaq üçün də ən birinci şərt soyuqdan qorunmaqdır. Çünki, əksər xəstəliklər soyuqdan əmələ gəlir. Ona görə də yaxşı geyinib, yaxşı qidalanmaq lazımdır”.

Bəxtiyar Nəsirov- şəhər sakini: “Mən geyimimi hər zaman hava şəraitinə uyğun geyinirəm”.

Sinoptiklər isə fəslə uyğun hava şəraitinin həftə sonuna qədər davam edəcəyini, termometrin gündüz saatlarında 16 -17 dərəcə göstərəcəyini proqnozlaşdırırlar. Odur ki, bu müddətdə havaya uyğun geyim seçməklə xəstəlikdən uzaq olmaq olar.

Elton İsmayılov