• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2377
— 07.11.2016 17:58

Şəmkirdə texnika çatışmazlığı çuğundurun yığımını gecikdirir

Şəmkirdə çuğundur yığımı yubanır. Səbəb məhsulun yığılması üçün müasir texnikaların olmamasıdır. Ümid qalıb əl əməyinə. Fermerlərin əlacsızlıqdan seçdiyi bu üsul isə məhsul itkisi və ziyana səbəb olur.

Şəmkir rayonunda çuğundur yığımına bu ilin oktyabr ayından başlanılıb. Ancaq yağmurlu keçən havalar prosesi ləngidib. Lakin ləngiməyə təsir edən tək səbəb hava deyil.  Hava şəraitindən maksimum istifadə edən şəmkirlilər noyabr ayının 4- dən yenidən çuğundur yığımına start veriblər. Ancaq yığım üçün müasir texnikaların olmaması fermerlərin işini bir qədər çətinləşdirib. İndi yalnız əl əməyindən istifadə olunur. Sahələrə gündəlik olaraq təxminən 500-ə qədər işçi çıxaran fermerlər 45 hektarda yığımı yekunlaşdırıb. Lakin 715 ha-da prosesə hələ də başlanılmaması fermerləri qayğılandırır.

Rafiq Cəfərov- fermer: “Əl əməyindən və köhnə texnikalardan istifadə edirik. Yaxşı olardı ki, bunları yığmaq üçün texnika ayrılardı. Məhsul tezliklə yığılsın və qışa qalmasın”.

Nəriman Hüseynov -fermer: “Məhsulumuz boldur. Çətinliyimiz bircə odur ki, texnikamız çatmır. Bunu qısa müddət ərzində yığmaq lazımdır ki, qabağı qışa gedir. Yağış yağacaq”.

Bu il ilk dəfədir Şəmkir bələdiyyəsinin nəzdində yaradılan Ceyrançöl Məhdud Məsuliyyətli Cəmiyyətində əkilən çuğundurun məhsuldarlığı hektardan 30-35 sentnerdir. Əldə olunan məhsullar isə bir qayda olaraq İmişli Şəkər Zavoduna satılır. Məhsulun bolluğu sahələrin genişləndirilməsinə və Şəmkirdə şəkər zavodunun inşasına zəmin yaradıb. Ancaq Cəmiyyət rəsmisi də məhsulun itkisiz toplanılması üçün müasir texnikaların alınmasını vacib sayır.

Elşad Hüseynov -Çeyrnaçöl MMC-nin direktoru: “Bütün rayon səfərbər olunub ki, biz çuğunduru yığaq təhvil verək. Ancaq müəyyən çətinliklərimiz də var. Bizim sıxıntımız yalnız məhsulu yığmaq üçün texnikanın olmamasıdır”.

 Şəmkir rayon Kənd Təsərrüfati İdarəsindən isə fermerlərin narahatlığına əsas görmürlər. Problemlə bağlı Kənd Təsərrüfatı Nazirliyinə məlumat veriləcək, üstəlik növbəti il məsələ müsbət həll olunacaq.

Kamil Yusibov -Şəmkir rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi: “Biz bu barədə nazirliyə məlumat verəcəyik. Növbəti il üçün Şəmkirdə 2000 hektar sahədə çuğundurun əkilməsi planlaşdırılır. Əlbəttə, yeni texnikalar da alınacaq”.

Gələn ilə həll ediləcək problemin indiki vaxtda aradan qaldırılması üçün əhali sahələrə səfərbər edilib. Növbəti il Çeyrançöldə çuğundurla yanaşı digər kənd təsərrüfatı məhsulllarının əkini də planlaşdırılır. Bunun üçün 8 min hektar əkin sahəsi ayrılıb.

Natiq Hüseyn