• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3774
— 07.11.2016 17:55

Gəncədə Gənclərin Sağlamlıq Festivalı keçirildi

Əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etmək məqsədilə təşkil olunan Gənclərin Sağlamlıq Festivalı bu dəfə Gəncədə baş tutub. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və “İnkişaf Naminə İdman” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən festivalda şəhərin 5 orta məktəbinin şagirdləri birincilik uğrunda mübarizə aparıblar. Gəncənin 2, 17, 27, 38 və 39 nömrəli tam orta məktəbləri, orta təhsil müəssisələri arasında keçirilən müxtəlif yarışlarda qalib olaraq, festivalda iştirak hüququ qazanıblar. Bu gün isə onlar müxtəlif şən idman yarışlarında öz güclərini sınayıblar. Festivala idman yarışları ilə yanaşı, musiqili bədii-əyləncəli proqram da daxil edilib. Bakıdan dəvət olunan müğənnilər, öz ifaları ilə həm tamaşaçıları əyləndirib, həm də yarışçıları ruhlandırıblar. Gəncədə fəaliyyət göstərən idman məktəblərinin idmançıları da nümunəvi çıxışları ilə məktəblilərə dəstək olublar. Xüsusi alqışlarsa Gəncə gimnastlarının və gənc kapoeyraçıların ünvanına səslənib. Şən idman yarışlarının qalibi isə 2 nömrəli tam orta məktəb olub. İkinci və üçüncü yerləri isə, müvafiq olaraq 17 və 27 nömrəli orta təhsil müəssisələri bölüşüblər. Qaliblərə kubok və diplomlar, digər iştirakçılara isə sertifikatlar təqdim olunub.

Gülnar Fazilqızı