• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3622
— 07.11.2016 17:54

Sağlam bədəndə sağlam ruh...

Yəqin çoxlarına sübh tezdən oyanıb idmanla məşğul olmaq çətin gəlir. Üstəlik bunu etmək üçün park və xiyabanlara üz tutmaq sözün əsl mənasında gözümüzə oturur. Amma bunun əksini düşünüb "Sağlam bədəndə sağlam ruh" olar prinsipi ilə yaşayanlar da az deyil. Əməkdaşımız Xəyalə də yuxusuna haram qatıb səhər tezdən oyananlarla birgə idman edib.

Rafiq Nağıyev -şəhər sakini: “İnsan saat 11-də yatmalıdır ki, səhər erkəndən oyana bilsin. Tezdən 6- da oyanıram, 7-nin yarısı gəlirəm, 9 işləmişə qədər hərəkət edirəm. 10 ildir təkrarlayıram”.

Rafiq dayı kimi şəhərdə 10-larla insanı səhər saatlarında Gəncənin park və xiyabanlarında idman edərkən görmək olar. Bunun üçün bizim kimi tezdən oyanaraq Heydər Əliyev adına park kompleksə, Xan bağına, Fikrət Əmirov parkına, eləcə də digər məkanlara üz tutmaq kifayətdir. Həm səhər idmanı ilə nə qədər insanın məşğul olduğunu görmək və təbii ki, idman etmək üçün.

Şəhər sakini: “Saat yarım kifayət edir qaçmağa. Elə olur ki, 6-7 km qaçıram. Hətta 25 km getdiyim olub”.

Şəhər sakini: “Mənə 7 saat yuxu yetir. Duranda işə gedənə qədər 3 saat vaxtım qalır. Bura gəlirəm, qayıdıb duş qəbul edib, yemək yeyib rahat işə gedirəm.

Şəhər sakini: “Axşam saat 9-da yenə gəlib 1 saat yürüş edirəm. 6-7 ildir yay, qış hər gün burdayam, yağış yağanda da gəlirəm”.

Səhər idmanının əhəmiyyətini mütəxəssislər də vurğulayır. Hətta gündəlik idmana 20-30, həftədə 3 dəfə olmaqla 40-60 dəqiqə vaxt ayırmağı yetərli hesab edirlər. Xüsusiylə insanın oksigen balansının bərpası baxımından bunun əhəmiyyəti önə çəkilir.

İnsanlar il ərzində 10% oksigen balansı itirir. İdmanla məşğul olanlarda isə ağciyərlərin hava tutumu artıqlamasıyla olur. Nəbz döyüntüsünə gəlincə idman edənlərdə onun miqdarının 220 olması normal haldır.

Ölkədə son 5 ildə ürək-damar xəstəsi kimi qeydiyyata düşənlərin sayı 2 dəfədən çox artıb. Həkimlərin fikrincə fiziki aktivlik sayəsində bu kimi xəstəliklərin riskini azaltaq olar.

Qoşqar Məhərrəmov -həkim-qastroentroloq: “Kardiovaskulyar, ürək-damar sistemi xəstəlikləri üçün daha keçərlidir. Yəni bu xəstəliklərin yaranma riskini aşağı salır idman. Hipertaniya, mədə-bağırsaq sistemi xəstəlikləri, kökəlmə, piylənmə kimi halların qarısının alınması üçün idman faydalıdır”.

Bundan başqa, səhər idmanı qan təzyiqini tarazlaşdırır, zehni gücləndirir, bədəndə toplanan yağların əriməsinə səbəb olur.

Qoşqar Məhərrəmov - həkim-qastroentroloq: “İdman acqarına edilməlidir. Çünki, qida qəbulundan sonra edilən idman qida borusu xəstəliklərinə səbəb ola bilir. Ümumilikdə insan gündə 10 min metr hərəkətdə olmalıdır. İdman 10 min metr ayaqla gəzmək kimi fiziki aktivliyin davamıdır”.

 Səhər idmanı yüngül, qaçış yeyin, məsafə qısa, axşam idmanları isə bunun əkinə olaraq yüklü olmalıdır. Elə səhər idmanı edənlərin də bunlara əməl etdiyinin şahidi olduq. Qeyd etməyə dəyər ki, təmiz hava alaraq bədənini sağlam saxlayanlar sırasında orta və yaşlı nəslin nümayəndələrinə daha çox rast gəldik. Xüsusiylə də Gənclər evinin önündə quraşdırılan 30-dan çox idman qurğusundan istifadə edərək buna nail olanlar daha çoxdur.

Xəyalə Mürsəl