• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3644
— 05.11.2016 12:27

Samux əhalisi bərbad olan avtomobil yollarının yenidən tikilməsini səbirsizliklə gözləyirlər

Samux rayonunda avtomobil yollarının böyük əksəriyyətinin əsaslı təmirə ehtiyacı var. Uzun müddətdir ki, bərbad vəziyyyətdə olan yollardan istifadə etmək məcburiyyətində qalan sakinlər ölkə prezidentinin Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi ilə bağlı imzaladığı sərəncamı sevinclə qarşılayıblar. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılacaq işlərə yaxın zamanlarda start verilməsi nəzərdə tutulur.

İqbal İsgəndərov- Samux sakin: “2 maşın eyni yoldan keçəndə təhlükə yaradır. Yollar çox ensizdir, uşaqlarımız məktəbə gedir- gəlir, məcburuq özümüz aparaq, gətirək bu yolun dərdindən”.
Nuh Aslanov- Samux sakin: “Yollarımız çox bərbad vəziyyətdədir, gedib gələ bilmirik. Bir də Əhmədbəyli kəndi ilə bizim yaşadığımız kəndin arasından bir körpü salınsın. Hazırda Gəncəçayı gəlir, keçə bilmirik o tərəfə körpü yoxdur deyə. 500 metr məsafə var o kəndlə bizim aramızda, indi gedirəm, məcburam 10 km dolayı yolla gedəm”.

Vahid Əliyev- Samux sakini: “Maşınlarımız dağılır, yol çox nahamardır. Yol həm də çox dardır, 2 maşın üz-üzə gələndə zorla keçir yoldan”.
Samux sakinlərinin iradları dağılmış və yol standartının heç bir tələblərinə uyğun gəlməyən, lakin gündəlik istifadə etdikləri yolları ilə bağlıdır. Uzun müddətdir ki, nahamar və çalalar ilə dolu olan yolun xidmətindən bir təhər yararlanan rayon sakinləri 23 min samuxlunun yaşadığı 10 yaşayış məntəqəsindən keçən yolların yenidən tikilməsini səbirsizliklə gözləyirlər. Sərəncama uyğun olaraq 36.5 km-də aparılacaq işlər üçün dövlət büdcəsində 4,9 milyon manat ayrılıb.

Samux rayonu ilə Əlibayramlı kəndinin birləşdirən yol nə vaxtsa çəkilərək belə yarımçıq vəziyyətdə saxlanılıb. Yolun qarşı tərəfi isə nahamar və bərbad vəziyyətdə olaraq qalır. Ötən gün prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən rayonun 10 yaşayış məntəqəsini birləşdirən yolların əsaslı şəkildə yenidən tikilərək istifadəyə verilməsi rayon ərazisində bu kimi yarımçıq qalan yolların tam olaraq başa çatdırılmasına imkan verəcək.

Anar Nəcəfli- “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinini mətbuat xidmətinin rəhbəri: “Həmin avtomobil yolunun bir hissəsinin tikintisi artıq yekunlaşıb. 2014-cü ildə ölkə başçısının imzaladığı sərəncama uyğun olaraq orada yerli icra hakimiyyəti tərəfindən tikinti işləri həyata keçirilib. Bu ildən başlayaraq isə həmin avtomobil yolunun qalan hissəsinin tikintisi “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib. Bu yaxınlarda həmin avtomobil yolunu “Azəravtoyol” tərəfindən inşaasına başlanılacaq”.
Samux rayonunda ümumilikdə 218 kilometr yol mövcuddur ki, bu yollardan 8 kilometri respublika əhəmiyyətli, 201 kilometr isə kənd yollarıdır.

Xaliq Qurbanlı