• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3720
— 05.11.2016 12:07

Gəncə Tibb Kollecinin tələbələri artıq daha rahat təhsil ala biləcəklər

Qərb bölgəsində orta tibb işçilərinin hazırlanması üçün fəaliyyət göstərən yeganə təhsil müəssisəsi olan Gəncə Tibb Kollecində təmir işləri aparılır. Artıq tələbələr daha rahat dərs otaqlarında təhsil ala biləcəklər. Gələcəkdə təhsil müəssisəsinin yataqxanası da yenilənəcək.

Aytac Həsənova- tələbə: “Otaqlarımızda heç bir təmir işləri aparılmamışdı. Ona görə də tavandan toz yağırdı, qapı və pəncərə pis vəziyyətdə idi”.

İki tədris korpusu, hər biri də iki mərtəbəli. 85 ildir istifadədə olan tikili Gəncə Tibb Kollecinin balansındadır və ilk dəfədir əsaslı təmir edilir. Suvanan fasad, yenilənən dam örtüyü, dəyişdirilən daxili istilik və kommunikasiya xətləri, tikilən qazanxana tədris prosesinə maneə törətmir.

Ləman Məmmədova -tələbə: “Bizim Kollecdə əvvəl belə şərait yox idi. Biz ikinci növbə dərsə gəlirdik. O da çox soyuq olurdu. Son bir neçə gündür istilik çəkilib. İndi rahat dərs keçilir”.

Kifayət Fəttahi -müəllim: “Otaqlara girirdin ki, uşaqlar hamısı paltonu xalatın üstündən geyinib. İçəri girəndə insana da xoş gəlmirdi. Ancaq indi tələbələr xalatda, müəllim xalatda ürəklə dərsini keçir. Uşaqlarımızda yüksək biliyə yiyələnirlər. Bizim də qarşımızda duran əsas məqsəd odur ki, gənc nəsil yüksək biliyə yiyələnsin”.

Həmçinin otaqların qapı və pəncərələri də dəyişdirilir, elektrik xətləri yenilənir. Auditoriyalarda 1800 kvm rəngsazlıq işləri görülür.

Bəhruz İsayev -iş icraçısı: “Hazırda bu işləri yekunlaşdırdıqdan sonra kollecin yataqxanasında təmir işlərinin görülməsi üçün bizə layihə smeta sənətlərinin hazırlanması deyilib. O sənədlər hazır olandan sonra yataqxana binasında təmir işlərinə başlayacağıq. Çalışacağıq ki, orada da işlərimizi yüksək səviyyədə görüb təhvil verək”.

Kollecdə 4 şöbədə 640 tələbə tibbin sirlərini öyrənir. Burada təmir işləri dekabrın sonuna kimi yekunlaşdırılacaq. Gəncə Tibb Kollecinin binasında təmir işləri yekunlaşdıqdan sonra binanın həyətində də abadlıq- quruculuq işləri aparılacaq. Ərazidə yaşıllıq zolağı salınacaq, yeni işıq dirəkləri, eləcə də oturacaqlar qoyulacaq.

Gülnar Fazilqızı