• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3743
— 04.11.2016 15:57

Şəmkirdə “Uşaq hüquqları aylığı” çərçivəsində balacalar müayinədən keçirilir

Şəmkirdə körpələr evi-uşaq bağçaları profilaktik tibbi müayinələr üçün hədəf seçilib. Rayonun Gənc Həkimlər Birliyinin üzvləri oktyabrın 20-dən noyabrın 20-dək elan olunan "Uşaq hüquqları aylığı" çərçivəsində balacaların sağlamlığının keşiyindədir.

Məktəbəqədər yaşlı uşaqların tibbi müayinəsi rayondakı Mərkəzi Xəstəxanasında çalışan müxtəlif ixtisaslı gənc həkimlər tərəfindən aparılır. İlkin müayinənin nəticələri şübhə yaradan balacalar müalicə prosesinə cəlb edilir. Aylıq çərçivəsində uşaqlar arasında ciddi yoluxucu xəstəliklərin aşkarlanmaması sevindirici hal kimi önə çəkilir.

Samir Namazov- Gənc Həkimlər Birliyinin sədri: “Uşaqlarda hal-hazırda mövsümi xəstəliklərə daha çox rast gəlinir. Bu cür xəstəliklərin də qarşısı vaxtında alınır. Yoluxucu xəstəliklər aşkarlanmasa da, keçici xəstəliklər müşahidə olunur. Bunlar da əsasən qrip kimi virus infeksiyalarıdır”.

Həkimlərin növbəti ünvanı Şəmkir şəhər 4 saylı körpələr evi-uşaq bağçası olub. Gün ərzində müəssisədəki bütün uşaqlar müayinədən keçirilib.

Arzu Cəfərova- Şəmkir şəhər 4 saylı körpələr evi-uşaq bağçasının müdiri: “Biz dağətəyi zonada yaşayırıq. Ona görə havalar tez soyuyur. Buna baxmayaraq, bütün otaqlar istiliklə təchiz olunub. Uşaqlarımız da sağlamdır. Heç bir xəstəlikləri yoxdur”.

Uşaqların tibbi müayinələrə cəlb edilməsi valideynlərin də razılığına səbəb olub. Yerindəcə aparılan müayinə və müalicə baxımından.

Anar Hacıyev- valideyn: “Bağça rəhbərliyi ilə Gənc Həkimlər Birliyinin qarşılıqlı işbirliyi nəticəsində bağçada vaxtaşırı müayinələr aparılır. Bu, bizi çox sevindirir”.

Fatma Qələndərova- valideyn: “Yaz-payız aylarında xəstəliklər tez oyanır. Biz rahatlıq tapırıq ki, uşaqlarımız hər vaxt həkim nəzarətindən keçir. Bağçanın şəraitindən və Gənc Həkimlər Birliyinin işindən çox razıyıq”.

Şəmkirdə fəaliyyət göstərən 52 məktəbəqədər müəssisədə ümumilikdə 2775 uşaq tərbiyə alır. Aylıq çərçivəsində artıq 27 uşaq bağçasında müayinələr başa çatıb.
Natiq Hüseyn