• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1000
— 03.11.2016 17:50

Yerli məhsullar milli standartla istehsal edilməli olduğu halda buna əməl edilirmi?

Yerli məhsullar milli standartla istehsal edilməlidir. Ancaq mağaza və marketlərdə milli standartla yanaşı başqa ölkələrin standartlarını da görmək mümkündür. Bunun səbəbi nədir?

Sorğu apardığımız şəhər sakinlərinin əksəriyyəti məhz yerli istehsal məhsullarını üstün tutduqlarını deyir. Buna həm keyfiyyət, həm də büdcəyə qənaət baxımından haqq qazandırmaq olar. Amma burada yerli məhsullara tətbiq olunan milli standart məsələsi önə çıxır. Hazırda piştaxtalarda göz oxşayan məhsulların az bir qisminin üzərində sırf yerli standartlaşdırma və sertifikatlaşdırma işarəsi AZS qeyd olunur. Əksər hallarda AZS-lə yanaşı QOST, İSO, TSE və digər ölkələrin standartlarını görmək mümkündür. 

Hicran Hüseynzadə- texnika elmləri üzrə fəlsəfə doktoru: "Məhsullar yalnız yerli standartlarla deyil, digər beynəlxalq regional dövlətlərarası standartların tələblərinə uyğun da istehsal edilməlidir. Çünki idxal və ixrac zamanı müəyyən texniki maneələr yananır. Təkcə bizdə deyil. Digər ölkələrdə də bu maneələrin qarşısını almaq üçün Standartlaşdırma üzrə Dövlət Komitəsi milli standartların beynəlxalq regional standartlara harmonizasiya edilməsi ilə məşğuldur".

Fazil Talıblı -Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi: "Bu gün yerli məhsullar məhz yerli standartlar əsasında istehsal olunur. İxrac olunan məhsulların üzərində də beynəlxalq standartlar əsasında hazırlanmış milli standartlar qeyd olunur. QOST MDB dövlətləri çərçivəsində qəbul edilmiş standartdır. Bu da MDB dövlətlərinin istehsalı və sənayesində tətbiq edilə bilər. Bu gün Azərbaycanda QOST standartları da tətbiq edilib, uğurla icra edilir. QOST xarici standart əsasında məhsul istehsal etmək demək deyil".

Hazırda ölkədə qüvvədə olan 1000-ə qədər standart mövcuddur. Onların 40%-i artıq beynəlxalq standartlara uyğunlaşdırılıb. Onların təsnifatına gəlincə...

Fazil Talıblı- Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi: "Burada əsas yeri ərzaq məhsulları tutur. Tikinti, qeyri-neft sektorunda olan digər standartlar, xidmət, İT, turizm və yol nəqliyyat sahəsində olan standartlar üstünlük təşkil edir".
 
Bu gün ölkə qarşısında duran ən vacib məsələ qeyri-neft sektorunun inkişafı və bu məhsulların dünya bazarlarına çıxarılmasıdır. Buna görə də milli standartların beynəlxalq standartlara harmonizasiyası indi xüsusi əhəmiyyət kəsb edir. 

Hicran Hüseynzadə- texnika elmləri üzrə fəlsəfə doktoru: "Təklif edərdim ki, məhsulların keyfiyyət göstəricilərinə tələblər bir az sərtləşdirilsin. Ən çox da təhlükəsizlik göstəricilərinə qarşı tələblər sərtləşdirilsin. Əgər biz istəyiriksə bizim yüngül sənaye məhsullarımız da dünya üzrə tanınsın, bu sahədə tətbiq olunan standartların sayı çoxalsın və tətbiqi gücləndirilsin".

Bəli, müasir dövrdə məhsulu istehsal etmək azdır. Onun bazarda özünə yer tuta bilməsi, ixrac edilə bilməsi üçün standartlara uyğun olması vacibdir. Bu zamanın tələbidir. Deməli onunla ayaqlaşmaq lazımdır.

Jalə Qurbanova