• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 941
— 03.11.2016 17:49

Heyvandarlıq Elmi- Tədqiqat İnstitutunun tikilməkdə olan yeni binasında işlər yekunlaşmaq üzrədir

Heyvandarlıq Elmi- Tədqiqat İnstitutu. Respublikanın bu profil üzrə fəaliyyət göstərən yeganə müəssisəsi. Heyvandarlıq sahəsində elmi təhlillər və tədqiqatlar, götürülən analizlər, eləcə də bu sahə ilə məşğul olan təsərrüfatçıların apardıqları təhlil və analizlərlə bağlı laborator müayinələri artıq burada aparmaq mümkün olacaq. Tikilməkdə olan yeni bina istifadəyə verildikdən sonra. 

Respublikamızda Heyvandarlıq Elmi- Tədqiqat İnstitutu 1929-cu ildən fəaliyyət göstərir. Bu illər ərzində institutun binasında heç bir əsaslı təmir işləri aparılmayıb. Məhz bu da institutun əməkdaşları tərəfindən elmi araşdırmalar aparmaq üçün müəyyən çətinliklər yaradır.

Bunu elmi- tədqiqat müəssisəsinin işçiləri də gizlətmir. İnstitutun iri buynuzlu heyvanların genetikası və seleksiyası laboratoriyasının müdiri Mübariz Həziyev olmayan şəraitin iş prosesinə təsirini qabardır. 

Mübariz Həziyev- İri buynuzlu heyvanların genetikası və seleksiyası laboratoriyasının müdiri: “İri buynuzlu heyvanların genetikası və seleksiyası laboratoriyasında 3 sahədə elmi iş gedir. Bunlar ətlik, maldarlıq, südlük maldarlıq və camışçılıq üzrə dəri. Biz təsərrüfatda camışın, inəyin ət və süd məhsuldarlığını diri çəkisini öyrənib, onu burada laboratoriyada öyrənməliyik. Təzə müasir dövrə uyğun laboratoriya olmadığına görə bizim işlərdə çox çətinliklər yaradır”.

Bu və digər sahələrdə elmi-tədqiqat işlərinin aparılmasına müasir yanaşmanı nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən İnstitutun ərazisində yeni binanın inşası aparılır. Mansardla örtüləcək 2 mərtəbəli tikilinin 1-ci mərtəbəsi elmi araşdırmalar aparılması üçün laboratoriyalar, 2-ci qatı isə işçilər üçün inzibati otaqlar nəzərdə tutulub. Kənd təsərrüfatına aid kitablardan da institutda yararlanmaq olacaq.  

Füzuli Mirzəyev -Heyvandarlıq Elmi- Tədqiqat İnstitutunun direktor əvəzi: “Struktur dəyişiklikləri ilə əlaqədar olaraq bir sıra institutlar, o cümlədən İpəkçilik İnstitutu ləğv edildi. Onun tərkibində olan laboratoriyalar bizim instituta birləşdirildi. Onlar bizdən kənarda şəhərdə fəaliyyət göstərir. Bina istifadəyə verildikdən sonra onlar da burada cəmləşəcək. Bundan başqa Ağdam Atçılıq MMC və Dilbaz Atçılıq MMC-də bizə birləşdirilib. Biz çalışacağıq ki, bütün bu strukturlar bir yerdə fəaliyyət göstərsin, birləşdirilsin”.
Bu ilin avqust ayından başlanan tikintinin gələn ilin martında yekunlaşdırılması planlaşdırılır. Bu isə Mübariz Həziyev kimi 105 işçinin gördüyü elmi işin daha mütərəqqi tədqiqatına imkan verəcək. 

Elnur Vahidoğlu