• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3769
— 01.11.2016 20:26

Daşkəsən və Gədəbəyə qar yağıb

Gədəbəy və Daşkəsən yenidən qara təslim olub. Bu dəfə dəyən ziyan elə də ciddi olmayıb. Bir neçə kənddə elektrik təsərrüfatında axsamalar olsa da, yollarda gediş-gəliş avtomobillər üçün çətinlik yaratmır.

Yusif Bayramov- sakin: “Mənim 51 yaşım var, bu yaşıma qədər yadıma gəlmir ki, bu vaxtlar Gədəbəyə qar yağsın. Ancaq qar ruzi-bərəkətdir, nə qədər çox yağarsa, təsərrüfatımız bir o qədər yaxşı olar”.

Səyyarə Əlinağıyeva- sakin: “Qar heç bir çətinlik törətmir. İşığımız var, qazımız var. Bu qar da bizim üçün ən gözəl nemətdir. Məhsulumuzun bol olması, taxılımızın bitməsi üçün ən gözəl vasitədir”.

Yağan qar sevinclə yanaşı, Gədəbəyin 5 ucqar kəndini işıqsız qoyub. Elektrik xəttlərində yüklənmə ilə əlaqədar naqillər sıradan çıxıb, yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Mavi yanacaqla bağlı təminatda isə fasilələr yoxdur. Rayon mərkəzini 108 yaşayış məntəqəsi ilə birləşdirən yollarda çətinlik olmasın deyə, intensiv işlər aparılır.

Vüsal Musayev- Gədəbəy rayon İH başçısının müavini: “Aidiyyatı qurumlar tərəfindən canlı qüvvə və texnikalar işə cəlb olunub. Hal-hazırda yollarımızda intensivlik bərpa olunub. Rayon əhalisinin enerji ilə təminatında fasilələr aradan qaldırılıb. Qarın yağması ilə bağlı yaranan xırda qüsurlar aradan qaldırılır və rayonun bütün yaşayış məntəqələri ilə əlaqələr mövcuddur. Yol kənarlarında ehtiyat üçün texniki qum topaları tədarük olunub ki, bu da hərəkətin intensivliyinin təmin olunmasına hesablanıb”.

İcra hakimiyyətindən verilən məlumata görə, son 3 gündə Gədəbəyə yağan qar rayon ərazisinə düşən 2 aylıq yağıntının miqdarına bərabərdir.

Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, bir neçə gündür ki, yağan qar rayon mərkəzində 50, dağlıq ərazilərdə isə 70 sm təşkil edir. Daşkəsənə yağan qar isə rayon mərkəzində 15-20 santimetr, ucqar kəndlərdə isə 25-30 santimetr qalınlığında düşüb. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, bəzi yerlərdə ağaclar sınıb, lakin elektik təsərrüfatı və yollarla bağlı problem yaşanmayıb. Qar yağmaqda davam edir.
Xaliq Qurbanlı