• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1027
— 01.11.2016 16:13

Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması proseduru sadələşdirilib

Yaşamaq üçün yerin olması ilə bərabər onun dövlət qeydiyyatına alınması da mütləqdir. Son illər ərzində bu sahədə xeyli yeniliklər və tələb olunan sənədlərin siyasında azalmalar olub. Hazırda daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlər, üzərindəki fərdi yaşayış evinin layihəsi yetərlidir.

Hər bir vətəndaş ev tikmək üçün bələdiyyədən topraq sahəsini əldə etdikdən sonra torpaq sahəsinə çıxarış alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi idarələrinə müraciət edir. Torpaq sahəsi üzərində vətəndaşların mülkiyyət hüquqları dövlət reyestirndə qeydiyyata alınır. Həmin sənədlərlə birgə vətəndaş müvafiq icra hakimiyyəti orqanına müraciət edib, layihə hazırladır. Sonra layihə və torpaq sahəsinə dair mülkiyyət hüququnu təqdim etməklə yaşayış yerinə vahid daşınmaz əmlak kimi dövlət reyestrindən çıxarış alır. Ancaq hazırda çoxumuz üçün maraq daşıyan öncədən tikilən evlərin qeydiyyata alınmasıdır. 

Ayxan Səfərov- qeydiyyat şöbəsinin müdiri: "Köhnədən tikilmiş evlərə dair 2001-ci ilə qədər tərtib edilmiş kənd icra nümayəndələri tərəfindən təsərrüfatbaşına kitablardan çıxarış və texniki pasport varsa fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün bu kifayət edir".   

Satılan və paylanılan torpaqlarda isə həmin torpaq sahəsi üzrə mülkiyyət hüqunun dövlət reyestrində qeydiyyatına alınması üçün təkcə qərar yetərlidir. Əgər o bələdiyyə torpağı deyilsə bələdiyyədən həmin torpağı bir də almağa ehtiyac yoxdur. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün isə ümumilikdə 80 manat dövlət rüsumu tələb olunur.

Ayxan Səfərov- qeydiyyat şöbəsinin müdiri: "Dövlət rüsumu haqqında Azərbaycan Respublikasına qanununa uyğun olaraq 30 manat çıxarış üçün 50 manat texniki pasport üçün ödəniş etməklə fərdi yaşayış evi və torpaq sahəsinə çıxarış ala bilər". 

Daşınmaz Əmlakın dövlət reyestri xidmətinin 3 saylı Ərazi İdarəsində vətəndaşlara yaşayış evlərinin qeydiyyatı ilə bağlı hüquqi yardım pulsuz olaraq göstərilir. Bəzi hüquq sahəsinə xidmət göstərən şəxslər isə müəyyən məbləğ müqabilində vətəndaşların mülkiyyət hüquqlarının tanınması ilə bağlı öhtəlik götürür. Qanunvericilik bu sahədə hüquqların nümayəndə vasitəsilə tanınmasına icazə verir. Ancaq bu məsələlər ev sahibi və hüquq sahibi arasında olan danışığa əsasən tənzimlənir. 

Ramiz Abdullayev- hüquqşünas: "Vəkillik fəaliyyəti haqqında qanunda göstərilir ki, bu fəaliyyət pulludur. Bu məlbəğ hansısa konkret tarif ilə tənzimlənmir. Bu tərəflərin qarşılıqlı razılığı ilə həyata keçirilir. Bəzən işbazlar bu vəziyyətdən istifadə edirlər. Dırnaqarası nümayəndəlik fəaliyyəti həyata keçirirlər. Onun əsas məqsədi vətəndaşdan müəyyən qədər pul əldə etməkdir. Konkret olaraq hüquqi əsaslarla fəaliyyət göstərən şəxslərə müraciət etsinlər".
Vətəndaş onu da bilməlidir ki, torpaq sahəsi üçün çıxarış, torpağın planı və ölçüsü, fərdi yaşayış evinə isə çıxarış və texniki pasport əldə etməlidir.

Jalə Qurbanova