• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1831
— 28.10.2016 17:11

Lizinqlə avtomobil almaq sərfəlidirmi?

Lizinq maliyyə icarəsi formasıdır və avtomobilin lizinq şirkəti tərəfindən satın alınaraq lizinq alana razılaşdırılmış müddətə istifadəyə verilməsidir. Yəni buradan aydın olur ki, lizinq yolu ilə avtomobil alarkən, o şirkətin adına sənədləşdirilir və yalnız şəxs öz borcunu ödədikdən sonra həmin avtomobil onun şəxsi mülkiyyəti hesab olunur. Düzdür, lizinq yolu ilə avtomobil almaq, onu kreditə götürməkdən daha sərfəli və asandır. Lakin müşahidələr göstərir ki, lizinq şirkəti ilə müştərilər arasında müəyyən anlaşılmazlıqlar da yaşanır. Belə anlaşılmazlıqlardan biri lizinqə götürülmüş avtomobilin ödənişi başa çatmadan qəzaya düşməsi zamanı yaşanır. Xüsusi ilə əgər avtomobil yararsız hala düşüb və istifadəsi mümkün deyilsə...

Düzdür, avtomobil lizinqə götürülərkən o sığorta olunur və baş verən hər hansı qəza zamanı yaranan fəsadın məbləği sığorta şirkəti tərəfindən ödənilir.

Lakin burada istisna hallarını da qeyd etmək lazımdır. Belə ki, əgər avtomobil qəzaya düşərkən sürücü sərxoş olarsa və ya avtomobili idarə edən şəxsin sürücülük vəsiqəsi olmazsa, sığorta şirkəti dəyən ziyanı ödəməkdən imtina edə bilər.

Elnur Həsənov -sığorta mütəxəsisi: "Lizinq şirkətlərinə dəyən zərər 7 iş günü müddətinə ödənilir. Tələb olunan sənədlər vaxtında təqdim olunduqda bu 7 gündən çox çəkmir. Nəqliyyat vasitəsinin texniki şəhadətnaməsinin arxasında mülkiyyətçi lizinq şirkəti göstərildiyindən, ödənişsə həmin şirkətə olunur".

 Yuxarıda qeyd olunan hal yaşandıqda avtomobilin dəyərini ödəmək sürücünün, yəni avtomobili lizinq yolu ilə əldə edən və qəza törədən şəxsin üzərinə düşür. Mütəxəssislər deyir ki, sonradan tərəflər arasında hər hansı mübahisənin yaşanmaması üçün, müqavilə imzalanarkən bütün şərtlər nəzərə alınmalıdır. Bununla belə əgər mübahisə predmeti yaranarsa və ortaq məxrəcə gəlinməzsə, tərəflər məhkəməyə müraciət edə bilərlər.

Gülnar Fazilqızı