• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1000
— 27.10.2016 15:38

Qərb bölgəsində xurmanın məhsuldarlığı və satış qiyməti fermerlərin ürəyincədir

Goranboyda xurma yığımına başlanılıb. Bağlardan yığılan, qablaşdırılan və daşınan məhsul Rusiya bazarı üçün nəzərdə tutulur. Odur ki, yığımdan tutmuş daşınmaya qədər olan prosesə həssaslıqla yanaşılır.

Salman İbrahimov kimi Goranboy rayonu, Nizami kəndinin sakinlərinin mövsümlə əlaqədar əsas gəlir yeri xurma bağlarıdır. Məhsul bu il boldur və qiyməti də münasibdir. Yarım ha sahədən 5 tona yaxın məhsul əldə edən təsərrüfatçı təxminən 1000 manatdan yuxarı gəlir əldə edəcək.

Salman İbrahimov- bağ sahibi: “Bir yeşikdə 16, 17 və 18 kilo meyvə olur, bunu da gəlib bizdən 3 manat 50 qəpiyə alırlar. Biz heç xurmanı ağacdan da yığmırıq, hər bir şeyi özləri edirlər. Məhsuldarlıq da bu il çox yaxşıdır”.

Yığılan xurmanın qablaşdırılması da yerindəcə aparılır. Asif Abdullayev deyir ki, bu iş xüsusi diqqət tələb edir. Uzun yol getdiyindən məhsulun sağlam olması vacib şərtdir.

Asif Abdullayev- işçi: "Bunu yığmaq qaydaları var. Səhv yığmamalısan, düz yığmaq lazımdır, əks halda məhsul xarab ola bilər. Yeşiyə kip yığılmalıdır ki, məhsul da aparılan yerə çatsın".

Hər həftə Nizmi kəndindən təxminən 30 tona yaxın məhsul göndərilir. Bu işlə məşğul olan sahibkarlar məhsulun yığımından daşınmasınadək ciddi problemlə üzləşmədiyinə diqqət çəkir.

Cahangir Həsənov- sahibkar: "2 taxta yeşiyi 3 manat 50 qəpiyə alırıq, 1 taxtanı 1 manat 80 qəpikyə. Qiymət camaatın razılığı əsasında müəyyən edilib. Hamı malını vaxtı-vaxtında təhvil verir və yerindəcə ödəniş edilir. Mallarımızı yükləyirik maşınlara, gömrükdən keçirəndən sonra Rusiya bazarlarında satışa çıxarırıq”.

Ötən il xurma bağlarında məhsul az olmaqla yanaşı 17 kiloqramlıq yeşiyi 3 manata alınırdısa, bu il sahibkarların gəlirinin daha yüksək olacağı şübhə doğurmur.

Azərbaycanda yetişdirilən xurmanın satışı əsasən Rusiyada həyata keçirildiyi üçün kəndlərdən yığılan məhsul iritonnajlı yük maşınlarına qablanaraq dəmir yol stansiyalarına daşınması təmin olunur. Satnisiyadan isə qatarlar vasitəsilə şimal qonşumuzun müxtəlif şəhərlərinə aparılan xurmanın orada satışı həyata keçirilir.

Elnur Vahidoğlu