• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1724
— 24.10.2016 15:37

Biznes inkubatoru nədir və onun iqtisadiyyatın inkişafında nə kimi rolu var?

Hazırda bir çox gənc öz innovativ ideyalarını, fikirlərini reallaşdırmaq və kommersiyaya çevirmək üçün yollar axtarır. Mütəxəssislər bu yolun biznes inkubatorundan keçdiyinə əmindir. Burada əsas mahiyyət ondan ibarətdir ki, xüsusilə şəxsi biznesini qurmaq istəyənlər cüzi maliyyə imkanları ilə yeni kiçik biznes modelini yaradaraq bunun inkişafına nail ola bilər.

Ramil İmanov -biznesə başlamaq istəyən gənc: "Təqdim etdiyim layihəni siz də gördünüz. Layihəni gerçəkləşdirmək istəyirəm, amma hara müraciət edəcəyimi bilmirəm. Bu yöndə mənim heç bir təcrübəm yoxdur".

Ramil kimi maraqlı ideyaları olan gənclər çoxdur. Kimisi ənənəvi planla çalışan müəssisələrə yeniliklər gətirmək üzrə, kimisi də kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi sahəsində layihələr hazırlayır. Bəzilərinin də ideyaları elə fikir olaraq qalır. Çünki bu gənclərin əksəriyyəti ideyanın biznesə çevrilməsi yolunda atılacaq addımları, kimə müraciət edəcəyini bilmir. Səbuhi Yusifov -iqtisad üzrə fəlsəfə doktoru: "Gənc sahibkarların xüsusilə də biznesə yeni atılan sahibkarların öz ideya və fikirlərinin reallaşdırılmasında biznes inkubatorlarının əvəzsiz rolu vardır. Bunun üçün hüquqi həm iqtisadi baza formalaşdırılmalıdır. Eyni zamanda da maarifləndirmə işi həyata keçrilməlidir".

Müsahibimizin qeyd etdiyi kimi biznes inkubatoru dünyada geniş yayılan ən uğurlu iqtisadi inkişaf modelindən sayılır. Bu kiçik biznesin təşkilinin ən mütərəqqi mexanizmlərindən biri hesab olunur. Dünyada 4 mindən artıq biznes inkubator fəaliyyət göstərir. Burada zaman və məkan anlayışlarının vəhdət təşkil etməsi ilə təşəbbüskar insanlar dəstək tədbirlərindən istifadə etməklə öz bizneslərini qururlar. Azərbaycanda isə pilot olaraq Xaçmaz şəhərində yerləşən Quba-Xaçmaz regional inkişaf mərkəzində 2014-cü ildə ilk biznes inkubatoru təşkil olunub. Burada mərhələli dəstək tədbirləri nəzərdə tutulub. Birinci mərhələdə ideyanın gerçəkləşdirilməsi üçün təlimlər, ikinci mərhələdə isə dövlət və özəl qurumlar tərəfindən bu ideyanın həyata keçirilməsi üçün məsləhətlər verilir. Bu inkubatorun hazırda 25 nəfər iştirakçısı var. Onlara sonrakı fəaliyyətində birbaşa ünsiyyətdə olacağı müəssisələrin nümayəndələri də seminarlar təşkil edir.

Eldar Kərimov -biznes inkubator iştirakçısı: "Biznes inkubatorun birinci iştirakçılarından olmuşam. Gündəlik dərslər keçirilir. Həmin tədris proqramlarında menecmentin əsasları, marketinqin aparılması, iqtisadi məsələlər-mühasibatlıq necə təşkil olunur, hansı layihələr üzrə necə müraciət olmalıdır, biznesin, planların yazılması, hüquqi məsələlər lazımi məqamlar varsa onlar izah olunurdu. Həmin tədrisi Nazirlikdən gələn birbaşa bu işlə məşğul olan şəxslər və təcrübədə bunu tətbiq edən böyük şirkətlərin işçiləri aparırdı".

Bu il növbəti biznes inkubator Aran Regional İnkişaf Mərkəzində yaradılıb. Hazırda inkubatorun təşkili istiqamətində işlər davam etdirilir. Növbəti mərhələdə Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı sənaye parkında biznes inkubatorları yaradılacaq.

Bakı Biznes Mərkəzinin direktoru: "Treninqlər həm biznesə yeni başlamaq məqsədilə müxtəlif mövzuları əhatə edir. Eyni zamanda ixtisaslaşmış treninqlər də olur. Həm gəncləri, həm də təşəbbüskar insanları, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən insanları Bakı Biznes Mərkəzi ilə əməkdaşlıq etməyə dəvət edirəm. Gənc sahibkarları, menecerləri isə proqramda iştiraka dəvət edirəm. Bizim əlaqə koordinatımız bbtc.gov.az".

Biznes inkubatoru iştirakçılarının əksəriyyəti kənd təsərrüfatının müxtəlif sahələrində layihələr üzrə çalışır. Ümumilikdə isə Dövlət Statistika Komitəsinin məlumatına əsasən Gəncə-Qazax iqtisadi rayonu üzrə kiçik sahibkarlıq subyektləri daha çox ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə qeydiyyat aparılıb. Ümumilikdə biznes inkubatorları kiçik biznesin inkişafına dəstəkdir. Bu isə öz növbəsində iqtisadiyyatın inkişafı deməkdir.

Jalə Qurbanova