• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1818
— 15.10.2016 16:13

Avtomobil bazarında “gənclərin maşını”na maraq böyükdür

Rusiya istehsalı olan avtomobillər Gəncə bazarında “xod gedir”. Sözün əsl mənasında. Alıcıların avtomobilə olan ehtiyacını məhz “VAZ” hesabına ödəməsi əbəs deyil. Bu baxımdan yalnız “Mercedes” Rusiya istehsalçısına rəqibdir. Niyə? Avtomobil bazarında araşdırma aparan əməkdaşımız Xaliq Qurbanlı bu suala cavab axtarıb.

Ülvi Məmmədov- avtomobil satan: "Demək olar ki, bu gün satılan avtomobillər “VAZ 2107”, “VAZ 21015”, “VAZ 21014” markalı avtomobillərdir. Alıclar əsasən Rusiya istehsalı olan maşınlara üstünlük verirlər. Çünki, bu avtomobillərin ehtiyyat hissələri ucuz olur və təmirə də az ehtiyacı olur”.

Məhz sadalanan nüanslar Rusiya istehsalı olan maşınları Gəncə və ətraf rayonların sakinləri üçün əlçatan edir. Münasib qiymət, yanacağa qənaət, usta xərcinin az olması və ikinci əl ehtiyat hissələrinin bolluğu seçimə təsirsiz ötüşmür. Özü də gənclərin maşını kimi ad çıxaran “VAZ”-ın “07” və “015” modelləri indi müxtəlif yaşda olanların marağındadır. Bu da səbəbsiz deyil. 

Ülvi Məmmədov- avtomobil satan: "Ön ötürücülü maşınlarda mostun, kardanın və digər hissələrin olmamasına alıcı üstünlük verir. Qışda ön ötürücü maşınlarını sürmək daha təhlükəsizdir, komfortludur və yanağaca qənaət edir. Bu səbəbdən yaşlı nəsil də bu avtomobillərə maraq göstərir".

Bazarda 2-ci əl maşınlar arasında “VAZ”-dan sonra “Mercedes” gəlir. Xarici maşınlar arasında alıcı lideri olan bu avtomobil keyfiyyəti və az məsrəfi ilə münasibdir.

Vüsal İsmayılov- avtomobil satan: "Bazarda ən çox “Mercedes C klass”, “E klass” və “S klass” markalı avtomobillər satılır. Müştərilər qiyməti yüksək olan maşınlara maraq göstərmir. Gələn 5, 6, maksimum da 7 min manatlıq xarici maşın almaq istəyir".

2-ci əl avtomobil bazarından fərqli olaraq xarici maşınların satışını həyata keçirən avtosalonlarda bir müddət əvvəl ay ərzində 10-a yaxın maşın satılırdısa, hazırda bu rəqəm ay ərzində 2-3 avtomobil təşkil edir. Səbəb isə 1-ci əl avtomobil bazarında müştəri qıtlığı və manatın devalvasiyasından sonra xaricdən gətirilən yeni avtomobillərin qiymətlərinin 10%-ə qədər bahalaşması göstərilir.

Gəncədə fəaliyyət göstərən avtosalonun satış meneceri Vüqar Kərimov digər səbəbləri də vacib sayır.

Vüqar Kərimov- satış meneceri: "Avtomobil bazarında bu gün işlənmiş maşınlara daha üstünlük verilir. Alıcı keyfiyyətli və qiyməti ucuz olan avtomobil alır. Salona gələnlər isə motor həcmi az olan, yanacağa qənaət edən maşınlar alırlar. Bu maşınların da qiyməti motor həcmi çox olan maşınların qiymətindən ucuzdur".

Apardığımız müşahidələr göstərir ki, Gəncənin avtomobil bazarında ehtiyac duyulan Rusiya istehsalı olan avtomobillərdir. Bunlar da buraxlış ilindən asılı olaraq qiyməti 3 - 5 min manat arasında dəyişir. 2-ci əl "Mercedes"lərin qiyməti isə markasından asılı olaraq 6 mindən 11 min manata qədərdir.

Xaliq Qurbanlı