• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1783
— 14.10.2016 10:45

Azərbaycanda şərabçılığın inkişafına mane olan nədir?

İndiyə qədər olan məlumatlar şərabçılığın eramızdan 5 min əvvəl yarandığı haqda xəbər  verirdi. Pensilvaniya Universitetinin mütəxəssislərinin Cənubi Azərbaycanda apardıqları qazıntılar zamanı tapılan küplər isə şərabın tarixinin 7 min əvvələ təsadüf etdiyini sübut edib. “New York Times”-in verdiyi bu xəbərdən görünür ki, Azərbaycanın sovet dövründə üzümçülük, eləcə də şərabçılıq sahəsindəki nailiyyətləri heç də təsadüfi olmayıb, tarix öz sözünü deyib. Bəs indi niyə tarix təkrarlanmır? Sovet dövründə ildə 2 milyon tona yaxın üzüm istehsal edən Azərbaycanda hazırda bu sahənin inkişafına mane olan nədir? Bu il 160 min ton üzüm istehsal edilən Azərbaycandakı göstərici o dövrlə müqayisədə olduqca kiçikdir. Amma mütəxəssislər deyir ki, şərabçılıq üçün lazım olan kəmiyyət yox, keyfiyyətdir.

Metin Altun- aqronom: “Üzüm elə bir məhsuldur ki, budanmayla hektardan hətta 40 ton da məhsul götürmək olar. Amma şərabçılıqda hədəf yüksək məhsuldarlıq deyil, keyfiyyətli şərab olmalıdır. Məqsəd Avropa tələblərinə uyğun dadda şərab istehsal etməkdir. Budanma mexanizmiylə hektara 10 tondan artığına nail olmamaq lazımdır. Əgər artıq bar olarsa kəsilib atılmalıdır. Nəzərdə tutulan aroma, şəkər miqdarı olmalıdır. Artıq məhsuldarlıqdan şərab alınmaz, olsa olsa spirt olar”.

Müəssisələrdə bu kimi məsələlərlə bağlı əsl mütəxəssislərə üstünlük verilir. Odur ki, sual yaranır - üzümçülük, şərabçılıq sahəsində kadr təminatı necədir? Cavab heç də ürək açan deyil.

Urxan Mehtiyev- mütəxəssis: “Ölkədə bu sahədə kadr hazırlığı əsasən Azərbaycan Texnologiya Universitetində aparılır. Universitetdə mütəxəssislər var, kadrlar hazırlayırlar, amma onların sayı azdır. Üzümçülük, şərabçılığın inkişafıyla bağlı gərək qəbul yerlərinin sayı artırılsın”.

Hazırda universitetdə bu ixtisas üzrə cəmi 20 tələbə təhsil alır ki, onlardan 14-ü 2018-ci, 6-sı isə daha sonrakı illərdə məzun olacaq. Həmin məzunların pənah aparacaqları müəssisələr sovet dövründən fərqli olaraq indi daha müasir texnologiyalara, xarici təcrübəyə əsaslanır. Sayları da az deyil. Çoxu da dərin emal prinsipilə işləyir. Amma istisnalarla. Belə ki, qablaşdırma kimi məsələlərdə idxaldan asılılıq var. Ölkədə şüşə zavodları olduğu halda butulkalar da xaricdən gətirilir.

Vüqar Mikayılov- şərab müəssisəsi nümayəndəsi: “Bu sahədə biz idxaldan asılıyıq - taraların düzəldilməsi, tıxacların alınması, etiketlərin hazırlanması. Azərbaycanda şüşə zavodları ola ola yüksək keyfiyyətli butulkalar xaricdən gətirilməməlidir. Materialların gətirilməsi kimi məsələlərlə bağlı valyuta xaricə sərf edilməməlidir. Azərbaycanda tələbatı ödəyə biləcək şüşə zavodları var. Amma keyfiyyət qane etmədiyinə görə, Rusiya, Çexiya, Moldova, Bolqarıstan, Ukraynadan gətirilir. Son zamanlar biz şərabçılar birgə assosiasiya yaratmaq qərarına gəlmişik. Çox inanıram ki, Azərbaycan şərabçıları bu assosiasiyanın yaradılmasına nail olacaqlar”.

Markalı kolleksiya şərablarının satışı, yüksək texnologiya, kənardan da olsa əsl mütəxəssis, Avropa, Amerika ölkələrinə ixrac... Mütəxəssislər bütün bunları xarici bazara çıxışla bağlı kifayət göstərici hesab etmirlər.    

Urxan Mehtiyev- mütəxəssis: “Hazırda dünyada rəqabət var. Üstünlüyə malik olmaq lazımdır. Bütün standartlara cavab vermək lazımdır. Yaxşı reklam işi təşkil olunsa, bununla bərabər keyfiyyətli şərablar hazırlansa bazar olacaq. Əsas bazarımız isə Şimal qonşularımızdır. Əvvəl də belə olub, indi də olmalıdır”.

Gəncədə son illər ənənə halını alan şərab festivalının hədəfi də budur. Azərbaycan şərabçılığının inkişafı və dünyada təbliği. Bu tədbirə hər il dünyanın müxtəlif ölkələrindən qonaqlar gəlir. Yeri gəlmişkən növbəti - IV Şərab Festivalı 21-23 noyabr tarixlərinə təsadüf edəcək.

Xəyalə Mürsəl