• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1025
— 13.10.2016 15:44

Zəif internet sağlamlığımızın düşməni imiş…

Qəfil olaraq yarıda kəsilən internet kimi istəsən hövsələdən çıxarar. Araşdırmalar zamanı məlum olub ki, zəif internet insan sağlamlığına ciddi ziyan vurur.

Zəif internet hər kəsi qıcıqlandırır. Üstəlik videoya baxan zaman. “Ericsson” şirkətinin mühəndisləri bu məsələyə biganə qalmayıb və internetin pis işləməsi səbəbindən donan videoların istifadəçilərə necə təsir etdiyini araşdırıblar. Alimləri ilk növbədə potensial alıcıların davranışının necə dəyişdiyi maraqlandırırdı. Belə məlum olub ki, zəif internetdən istifadə edərək video yükləməyə çalışan zaman yaşanan stress dəhşətli səhnələri olan filmə baxarkən yaşanan stressə bərabərdir.

Aygün Babayeva- psixoloq: "Bu daha çox iradəcə zəif, səbrsiz, hiperaktiv insanlara daha pis təsir edir. İnsanda gərginlik, sıxıntı, əsəbiləşmə ilə bərabər stress yaranır. O da öz növbəsində həmin insanda qan dövranının pozulmasına gətirib çıxarır”.

İsveçlilər tərəfindən həyata keçirilən eksperiment “Stress of Streaming Delays” – “Videoaxın zamanı yaşanan stress” adlanırdı. Araşdırmaçılar mobil internet ilə videoçarxlara baxan təcrübə iştirakçılarının beyin siqnalları və ürək döyüntüsünü izləyiblər. Məlum olub ki, videonun yayımlanması dayanan zaman onların ürək ritmlərində dəyişiklik qeydə alınır. Video yenidən donduqda isə stress səviyyəsi artır. Beləliklə, insan güclü emosional gərginlik yaşayır ki, bu da əsəb sistemi və ürəyə mənfi təsir edir. İnsan ilkin mərhələdə stress yaşayacağını dərk etsə də sonrakı mərhələdə artıq bu stress idarəedilməz hal alır.

Aygün Babayeva- psixoloq: “Yuxusuzluq problemi yaradır. Hətta bu insanlarda hipertoniya, stenokardiya, ürək-damar, sinir xəstəlikləri, nevrozlar bunlara təsir edir. İnternet asılılıq yaradır. Ona görə yaxşı olardı ki, kitab oxusunlar".

Araşdırmaçılar belə nəticəyə gəliblər ki, izlənilən video 6 dəqiqədən çox donduqda insanlarda stress səviyyəsi gah yüksəlir, gah enir. Nəticədə bu şəxslər qeyri-verbal üsullarla artıq videoya baxmaq istəmədiklərini bildiriblər. Bu zaman onların fikri yayınmağa başlayır.

Bu araşdırma olmadan da hər kəsə məlumdur ki, izləmək istədiyimiz video zəif internet səbəbindən bir neçə dəfə donduqda artıq ona qarşı marağımız azalır və son nəticədə onu izləməkdən imtina edirik.

Qısası, zəif sürətli internet səbəbindən öz psixologiyanıza zədə vurmağın heç bir faydası olmayacaq.

Xəyalə Mürsəl