• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1066
— 13.10.2016 15:04

“Gəzən kitabxana” yenidən Gəncədədir

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının reallaşdırdığı layihə çərçivəsində kitab dolu avtomobil artıq üçüncü dəfədir ki, ölkənin müxtəlif regionlarına səfərə çıxır. "Səyyar kitabxana" 45 gün ərzində Gəncə sakinlərinin ixtiyarında olacaq.

Oxucular kitabxanaya getmirsə, kitabxana onların ayağına gələr... Gənclərin diqqətini kitaba çəkib, onların qiraətə olan marağını artırmaq məqsədi daşıyan "Gəzən kitabxana" sözün əsl mənasında oxucuların ayağına gəlib. Özü də 5 minlik nəşr və 15 minlik elektron kitab fondu ilə.    

Zaur Abdullayev- "Gəzən kitabxana" layihəsinin baş koordinatoru: "Tam sosioloji bir layihədir və Gəncə şəhərində start götürüb. 45 gün ərzində burda olacaıq və şəhərin müxətlif yerlərində dayanacağıq. Hazırda şəhərin mərkəzindəyik, növbəti günlərdə isə GDU-nun böyük korpuslarının qarşısında olacağıq".

Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada dörd: Azərbaycan, rus, ingilis və türk dillərində olan nəşrlər mövcuddur. Oxucu, şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə, burada olan hər hansı bir kitabı 10 gün müddətinə götürə bilər. Təyin olunan müddət ərzində şəxs kitabı təhvil verə bilmirsə, məsələn, nəşr cırılıb və ya itibsə, o zaman onu cərimə gözləyir.

"Gəzən kitabxana"nın elektron fondundan isə yaddaş kartı vasitəsilə yararlanmaq mümkündür. Oxumaq istədiyiniz hər hansı bir kitabı yaddaş kartına yazdıraraq, özünüzlə götürə bilərsiniz.

Fərqli görünüşü, zənginləşdirilən kitab fondu və yenilənən elektron bazası ilə "Gəzən kitabxana" sadəcə Gəncə sakinlərinin yox, şəhərə gələn qonaqların da marağını çəkməyi bacarıb.

Murad Novruzov- Gəncə sakini: "Bu kitabxananın Gəncə şəhərinə gəlməsi bizim üçün bir növ mühit dəyişkənliyidir. Yəni biri var istədiyimiz kitabı hər dəfə gedib eyni məkandan əldə edirik, biri də var belə. Bir gənc olaraq deyə bilərəm ki, bu daha maraqlıdır".

Famil Seyfullayev- Bakı sakini: "Şəhəri gəzdiyimiz vaxt bu kitabxananı gördük. Çox maraqlı bir ideyadır. Bakıda bizim kitabxanalarımız çoxdur. Belə bir kitabxananın regionlarda inkişafı müsbət və dəyərli bir fikirdir".

Gəncədən sonra "Gəzən kitabxana" Şəmkirə yola düşəcək. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihədən bugünədək 15 şəhər və rayonda 20 minə yaxın oxucu faydalanıb.

Gülnar Fazilqızı