• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1072
— 12.10.2016 18:16

Goranboyda bağçılıqla məşğul olan fermer öz təcrübəsini respublika ərazisində yaymaq niyyətindədir

Son illər Azərbaycanda cırlaşmış və az məhsuldar olan meyvə ağaclarının xaricdən, əsasən də Avropadan gətirilən yüksək məhsuldarlığı ilə seçilən tinglərlə əvəzlənməsi ənənəsi yaranıb. Goranboy rayonunda 5 ildir bağçılıqla məşğul olan Rasim Nəbiyev də belə fermerlərdəndir. İspaniya, İtaliya və Türkiyədən gətirib becərdiyi ağaclar bol məhsuldarlığı ilə seçilir. Fermer təcrübəsini respublika ərazisində yaymaq üçün artıq Kənd Təsərrüfatı Nazirliyindən hər tingə görə, dotasiya da alacaq.

7 növ ərik, 4 növ şaftalı, 2 növ nektarin tingi olmaqla 6 min meyvə ağacının yetişdirildiyi təsərrüfatda fermer Rasim Nəbiyev 2 illik olan tinglərdən gələn ildən bol məhsul götürməyi planlaşdırır. Avropa ölkələrindən gətirdiyi tinglərin GMO olmadığı və az maliyyə tələb etməsini əsas tutaraq təsərrüfatçı meyvə bağlarını artırmaq niyyətindədir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu sahəyə dəstək isə tingçiliyi genişləndirmək üçün stimul yaradıb.

Rasim Nəbiyev – fermer: "Bundan sonra mən tingçilik təsərrüfatında meyvə tingi yetişdirəndə hər bir ağac üçün 50 qəpik dövlət tərəfindən köməklik olacaq. Bu meyvə sortlarını genişləndirsək və sahələri hektarlara çatdırsaq respublikamıza və əhalimizə çox böyük kömək olar. Əsas məqsədimiz bundan ibarətdir. Nazirlik də sağ olsun lazımi dəstəyi verir”.

Xarici tinglərin yerli şəraitə uyğunlaşdırılmasına nail olan fermer meyvə ağaclarından alınan məhsulun xarici bazara çıxarılmasını da planlaşdırır.

Fermer təsərrüfatında xaricdən gətirilən tinglərin yerli şəraitə uyğunlaşdırılması üçün yerli cır ağaclarla calağı aparılır. Daha sonra bu ting inkişaf edib ağac olduğu zaman daha məhsuldar və yerli iqlim şəraitinə uyğunlaşmış formada olur.

Ərik, şaftalı və nektarinlə yanaşı, təsərrüfatda xurma ağaclarının ilk barının bol olması Rasim Nəbiyevin maliyyə vəziyyətinə müsbət təsir göstərəcək. Fermer 10 gündən sonra yığılacaq məhsul üçün bazarın və qiymətin münasib olmasından da razıdır.

Rasim Nəbiyev – fermer: "2 hektarlıq meyvə bağıdır. 1400-ə qədər ağac var. Qiymətdən razıyıq - 1 kiloqram üçün 70 qəpik təklif olunur yerində. Yəqin alıcılar Rusiyaya aparacaqlar. Məhsuldarlığımız da çox yüksəkdir".

Təsərrüfatda tingçiliklə yanaşı, təcrübə məqsədilə xaricdən gətirilən pomidor, xiyar və digər kənd təsərrüfatı məhsullarının becərilməsi də aparılır.

Xaliq Qurbanlı