• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2323
— 12.10.2016 16:21

Pulumuzu yastıq altında saxlayaq, yoxsa istiqraza yatıraq?

Əlimizdə olan artıq vəsaiti adətən dəyərli vasitədə saxlamağa üstünlük veririk. Bu, kimisi üçün qızıl, daşınmaz əmlak, kimisi üçün isə qiymətli kağızlar - istiqrazlardır. Ancaq mütəxəssislər istiqraz alarkən diqqətli olmağı məsləhət görürlər. Əsasən də daha etibarlı bank, müəssisə və təşkilatın seçilməsi məqsədəuyğun sayılır. Pulumuzu yastıq altında saxlamaq, yoxsa istiqraza yatırmaq daha yaxşı seçimdir?

İstiqrazlar qiymətli kağızların bir növüdür. Səhmlər pay qiymətli kağızları, istiqrazlar isə borc öhdəliyi kağızıdır. Bu məsələdə dövlət borcu anlayışından da istifadə edilir. Dövlətimiz həm borc verən, həm də borc alandır. Dövlət borclanma prosesində həm daxildə, həm də kənarda istiqrazlar buraxıb yerləşdirməklə əlavə vəsait əldə edir. Müasir dünya iqtisadiyyatında bu ən əhəmiyyətli alətlərdən biridir.  

Məhərrəm Hüseynov- Milli Məclisin eksperti: "Əhalidə, müəssisə və təşkilatlarda olan müvəqqəti sərbəst pul vəsaitini dövlət mərkəzləşmiş fondlarda cəmləşdirməklə iqtisadiyyatın müxtəlif sahələrində daha səmərəli istifadə edilməsinə xidmət edir. Belə olan halda əlbəttə ki, hər bir istiqrazın üstündə dövlət əhali istiqrazın tədavüldə olduğu müddətdə həm istiqrazın dəyərinin, həm də üstündəki əlavə faizinin alınması ilə müəyyən fayda götürür. Bu həm onun vəsaitinin inflyasyidan qorunmasına, həm də pul vasitəsilə əhalinin müəyyən gəlir əldə etməsinə şərait yaradır".

Ev təsərrüfatlarının gəliri hesablanarkən, həmçinin bir mənbə kimi istiqraz və lotoreyalardan əldə olunan gəlir də nəzərə alınır. Bəs bu gəlir inflyasiyaya məruz qalsa necə?

Məhərrəm Hüseynov- Milli Məclisin eksperti: "Əlbəttə inflyasiyadan qoruyur. Çünki ölkədə bir rəqəmli olsa da inflyasiya var. İnflyasiya olmasa iqtisadiyyata mənfi təsir edər. Vətəndaş inflyasiyadan çox istiqrazın üstündə faiz alır. Bu əhalinin pulunun dəyərdən düşməsinin qarşısını alır".

Amma bizdə əhalinin böyük bir qismi, xüsusən Sovet dövründə yaşamış insanlar istiqrazlar barədə o qədər də müsbət fikirdə deyil.

Şəhər sakini: “O vaxt bütün əlimdə olanı verib istiqraz aldım. Hətta evimi də satdım, bu kağıza verdim. Amma pul dəyərdən düşdü. Sonra həmin kağıza yalnız 1 kisə un ala bildim. İndi milyonum olsa da istiqraz almaram”.

Şəhər sakini: “Sovet hökumətinin vaxtında almışıq. Bizə maaş əvəzinə də veriblər. Sonra hamısı dəyərdən düşdü. Eləsi oldu ki, hamsı öldü. Heç pulu da qaytarmadılar. Hamısı batdı, getdi. İndi inanmıram”.

Şəhər sakini: “Hazırda reklam olunan istiqrazlar var. Adamda inam yaradır. Düşünürəm ki, əlimə pul keçən kimi gedib alım”.

Göründüyü kimi insanlarda istiqrazlara inamsızlıq var. Amma unutmaq olmaz ki, istiqrazlar borc öhdəliyidir. Yəni bu kağızı verən müəssisə və ya təşkilat bu borcu geri qaytarmaqla bağlı zəmanət də verməlidir.

Məhərrəm Hüseynov- Milli Məclisin eksperti: "Məlum məsələdir ki, şəxs qiymətli kağızlar bazarından istiqraz alan zaman kimin buraxdığı istiqrazı almağı yəqin ki, müəyyənləşdirir. Həmin müəssisə və təşkilatın təminatı məsələsini də bilir. Əlbəttə bu çox önəmli məsələdir. Burada dövlətin buraxdığı istiqrazlar daha təminatlıdır. Dövlətin əmlakı onun təminatıdır".  

O da məlumdur ki, ölkəmiz dünya bazarına inteqrasiya olunur. Yəni beynəlxalq bazarlarda baş verən hər hansı dəyişiklik təbii ki, ölkəmizə də təsir edir. Dünyanın hətta ən etibarlı qiymətli kağızları da ümumi iqtisadi situasiya fonunda dəyərdən düşə bilər. Ona görə də hər işdə olduğu kimi burda da ehtiyatlı davranmaq, yüz ölçüb bir biçmək və investisiya etməzdən əvvəl peşəkarlarla məsləhətləşmək daha yaxşı olar.

Jalə Qurbanova