• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 928
— 06.10.2016 16:58

Tikiləcək sosial evlər sərfəli olacaqmı?

Gənc ailələrin evlə təminatında hazırda bir sıra problemlər var. Yeni ailə quranların əksəriyyəti isə öz ailələrinin yanında yaşayır. Bu ya adətdir, ya da məcburiyyət. Hər halda vəziyyət bunu tələb edir. Hazırda şəxsi ev sahibi olmaq üçün kifayət qədər maddi imkanın olmalıdır. Yaxud hökumət tərəfindən irəli sürülən sosial ev layihəsinin reallaşmasını gözləmək lazımdır.
Sentyabrın 1-i vəziyyətinə görə Gəncədə 1371 nəfər nikaha daxil olub. onların demək olar ki, çoxunun şəxsi evi yoxdur.
Şəhər sakini: “Hazırda kirayədə qalıram. İmkan yoxdur”.
Şəhər sakini: “Ailəmlə bir yerdə yaşayıram. Valideynlərim də bizə dəstək olur”.
Şəhər sakini: “Eşitmişəm ki, sosial evlər tikiləcək. Orada ev almaq əlverişli olacaq”.
Hazırda bir çox inşaat şirkətləri cəlbedici təkliflər və bir-birindən fərqli ipoteka şərtləri ilə evlər təklif edirlər. Əsasən paytaxda təklif edilən bu cür mənzillərin qiyməti isə real bazar qiymətindən baha olur. 1 otaqlı mənzil hətta 50 min manatdan da yuxarı qiymətə təklif edilir. İpoteka ilə satılan evlərin qiymətinin belə baha olması isə mövcud iqtisadi durumla əlaqəlidir.  
Məsim Abadov- NBA konsaltinq şirkətinin qərb nümayəndəliyinin rəhbəri: "Evləri tikən şirkətlər yatırılan investisiyaların reallaşması yəni onun pula çevrilməsində vaxt uzandığı və devalvasiya onlara mənfi təsir etdiyi üçün onlar o vəsaiti maksimum tez çıxarmaq istəyirlər. Ona görə onlar banklardan ipoteka götürüb pullarını reallaşdırırlar. Banklar da o fazilərlə qeyd olunan müddətə verir”.
Yaxın zamanda imkanı və imtiyazları olmayan, gəlirləri orta və ortadan aşağı olan insanlar girovsuz, ilkin ödənişsiz, aylıq cəmi 80-100 manat ödəməklə ev sahibi ola biləcəklər. Dövlət layihəsi olan bu cür evlər sosial xarakterlidir. Mütəxəssislər sosial evlərin inşasının tikinti mallarının istehsalı və satışı bazarını canlandıracağını bildirir. Həmçinin inşaat, xidmət və iaşə sektorlarında yeni iş yerləri açılacaq. Sosial evlər aşağı maya dəyəri ilə qısa müddətə tikilən evlərdir. Həmin evlərin sahəsi o qədər böyük olmasa da, yaşayış üçün şəraiti olur. Sakinlər sosial mənzillərə köçdükdən sonra kirayədə qaldıqları müddət ərzində kirayə haqlarını kredit ödənişi kimi ödəyirlər. Mənzilin dəyərini tam ödədikdən sonra isə mənzili özəlləşdirərək onun tam sahibi olurlar.
 
Məsim Abadov- NBA konsaltinq şirkətinin qərb nümayəndəliyinin rəhbəri: "Digər ipotekada müqavilə birbaşa həmin şəxsin adına bağlanır. Ev girov kimi götürülür. Məbləğ tam ödənildikdən sonra girovdan çıxaraq şəxsi mülkiyyətə çevrilə bilir".
 
Paytaxda sosial evlərin tikilməsi üçün artıq yer ayrılıb, plan hazır olsa da Gəncə şəhərində bu məqsədlə dəqiq yer müəyyən edilməyib. Məsələ üzrə aidiyyati orqandan aldığımız məlumata görə şəhərin Yeni Gəncə, Natəvan və Məhsəti qəsəbələrində müvafiq yerlər nəzərdə tutulub. Amma bu, hələ Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən təsdiqlənməyib.
 
Başqa bir önəmli nüans. Araşdırmalar göstərir ki, məhz öz mənzilləri olmadığı üçün maddi çətinliklərlə üzləşən və hətta bu çətinliklərə dözə bilməyib boşanmağa qərar verən gənclərin də sayı az deyil. Buna görə də  mütəxəssilər sosial ev layihəsinin boşanmaların sayının azalmasına da təsir edəcəyini bildirirlər.
Elton Cabbarlı