• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1748
— 22.09.2016 11:06

Ölkədə baramaçılığın inkişafı üçün müəyyən tədbirlər görülür

Bu il baramaçılığın inkişafıyla bağlı görülən işlər çərçivəsində Çin və İrandan gətirilən 1750 tut ipəkqurdu toxumu Qax damazlıq stansiyasında dirildilərək respublikanın kümçülərinə pulsuz paylanıb. Əldə edilən baramalar hazırda Şəki İpək Kombinatında açılmaqdadır və proses sentyabrın sonuna yekunlaşacaq. Bəzi yerlərdə müşahidə edilən problemlər isə işlərin ikinci mərhələsi üçün ciddi risk hesab edilir.

Azərbaycanda bu il 70 ton barama istehsal olunduğu halda gələn il üçün bu göstəricinin 100 ton həddinə çatacağı gözlənilir. Elə bu ilin də nəticələri yüksək ola bilərdi. Əlbəttə, müəyyən problemlər olmasaydı. Heyvandarlıq Elmi-Tədqiqat İnstitunun Baramaçılıq laboratoriyasına aid kümxanalardakı kimi.

Qafar Məmmədov- Heyvandarlıq ETİ-nin Baramaçılıq laboratoriyasının müdiri: “Hər yemləmədən qabaq bu binalar formalinlə dərmanlanır. İndi bilmirəm, yalnışlıqla olub, yoxsa nə üçün? - bura “Dete” vurulub, bu qadağan olunmuş bir dərmandır. Həmin dərman düz 20 il müddətinə öz təsirini itirməyəcək. Bu elə bir güclü dərmandır ki, balinaya 1 damcısı bəs edir.

İstifadəsi 1990-cı ildən qadağan olunan "Dete" ərazidəki 7 kümxanadan 4-nə 2013-cü ildə vurulub və nəticədə institutun 90 cinsdən ibarət canlı kolleksiyası da bu ehtiyatsızlığın qurbanı olub.

Qafar Məmmədov- Heyvandarlıq ETİ-nin Baramaçılıq laboratoriyasının müdiri: “Üçüncü gündə qurdlar kütləvi qırılmağa başladı. Müşahidə edən kimi işçilər səfərbər oldular və bir gün ərzində qurdları başqa kümxanaya köçürdük. Amma gec idi - artıq 80%-i tələf olmuşdu. Yaxşı məhsul oldu, amma təəssüf ki, az oldu. Hardasa biz 600 kq barama gözləyirdik. Bunun əvəzinə 50 kq barama təhvil verdik”.

Aidiyyəti qurumların müdaxiləsi növbəti mövsüm üçün həlledici ola bilər. Hazırda toxumlara hər iki saatdan bir nəzarət olunur. Temperatur qeydiyyatı gedir və proses dekabra qədər davam edəcək.

Qafar Məmmədov- Heyvandarlıq ETİ-nin Baramaçılıq laboratoriyasının müdiri: “Gələn il üçün hazırlıqlar görmüşük, istər öz mövzularımız üçün, istərsə də Qax damazlıq stansiyası üçün. Ora 11 qutu - 320 qr. super elit toxum hazırdır. Yaxın günlərdə həmin toxumların mikroanalizini keçirəcəyik. İlin sonunda nazirliyə təhvil veriləcək. Bu stansiyanın işə salınması üçündür. Amma orada da problem var. 90-cı illərin vəziyyətilə bağlı Qaxda tut bağları kütləvi qırılıb”.

Halbuki sözügedən ərazidə vaxtilə 4 ha çəkillik olub.

Ölkədə baramaçılığın inkişaf etdirilməsi üçün bir çox işlər görülməlidir. O cümlədən yeni tut bağları salınmalıdır. Nəzərə alaq ki, bir tut ağacının tam məhsuldarlığa düşməsi üçün isə ən az 5 il vaxt sərf olunur.

Barama qurdlarının bəslənməsi üçün istifadə olunan tut ağacı 5 ildən sonra istismar olunduqca cavanlaşır və 70 il ömrü olur.

Xəyalə Mürsəl