• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 989
— 20.09.2016 17:02

Bazarlarda qiymətlər “od tutub yanır”

Bazarlarda qiymətlər alıcılar üçün əlçatan deyil. Ələlxüsus da yerli istehsal olan meyvə-tərəvəzin qiyməti qaneedici hesab edilmir. Ekspert isə qalxan qiymətlər fonunda nə alıcı, nə satıcı, nə də istehsalçını qınamır.

Həqiqət Rzayeva- alıcı: “Hər şeyin qiyməti qalxıb. Elə bir şey yoxdu ki, qiyməti qalxmamış olsun. Xüsusi ilə kənd təsərrüfatı məhsulları daha çox qalxıb. Pomidor, xiyar, meyvənin qiyməti daha çox qalxıb”.

Bu gün Gəncənin bazarlarındakı mənzərə belədi. Yerli istehsal olan kənd təsərrüfatı məhsulları alıcılar üçün əl yandıran olur. Elə onların diliylə desək qiymətlər od tutub yanır. Hansı ki, bunu satıcılar da danmır.

Raqif Cabbarov- satıcı: “Pomidor 50 qəpiyə kimi qalxıb, xiyar da onu kimidi. Ötən il torbası 1 manat idisə, indi 1 kiloqramı 50 qəpikdi. Camaat gətirib sata da bilmir, çox çətindi vəziyyət”.

Əkbər Əkbərov- satıcı: “Bu il qiymətlər 50 faiz qalxıb. Pomidor keçən il ucuz idi, bu il  1 manat, 1 manat 50 qəpiyə satılır. Meyvələrdən də yaxşı alma 1 manata, 80 qəpiyə satılır. Digər məhsullardan yerkökü, çuğundur 60 qəpiyə satılır”.  

Bazarlarda ən çox qiymət artımı üzümdə müşahidə olunur. Üzümün 1 kiloqramı alıcılara 1 manat, 1 manat 50 qəpik arası təklif olunur. Bu da ötən ilə nisbətən 50-60 qəpik çoxdu.

Əlviz Yolçuyev- alıcı: “Üzüm çox bahadı, həddən artıq bahadı. Pomidor da bahadı. Bu iki şey fantastik qiymətədir. Almaq olmur, yemək olmur. Elə hamı baxır. Necə deyirlər muzeyə qoyublar hamı baxır”.

Məlahət Məmmədova- alıcı: “Aldığım bir budu vəssəlam. İndi hələ axtarıram. Baxım da sərfəli qiymət olsa alacam, olmasa gedəcəm”.

Alıcıların tərəfində olan ekspertlər satıcıları, daha doğrusu istehsalçıları da qınamır. Çünki kənd təsərrüfatının istehsalçıları eyni zamanda digər məhsulların alıcılarıdı. Həmin məhsulların qiyməti isə qalxdığına görə, bu özünü son nəticədə göstərir. Qiymətə təsir edən digər səbəb isə istehsalçının məhsulu alıcıya birbaşa çatdırmamasıdır.

Əli Allahverdiyev- ekspert: “Bazarı kəndliyə vermək lazımdı. Kəndli öz məhsulunu bazarda istehlakçıya təqdim edə bilməsi üçün çalışmaq lazımdı. Məhsulun dəyər yarama zəncirində vasitəçilər nə qədər az olarsa məhsul o qədər ucuz istehlakçıya gəlib çatacaq”.

İndiki vəziyyətdə isə ekspert qiymət tənzimlənməsi üçün daimi nəzarətin olmasını və müntəzəm olaraq kənd təssərrüfatı məhsullarının satış yarmarkalarını təşkil etməyi vacib sayır.

Elnur Vahidoğlu