• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1744
— 09.09.2016 15:40

Goranboyda əkilən pambığın ilkin mərhələdə yığımına başlanılıb

Kənd təsərrüfatında ən gəlirli sahələrdən biri sayılan pambıqçılığı inkişaf etdirmək məqsədilə Goranboyda əkilən “ağ qızıl”ın ilkin mərhələdə yığımına başlanılıb. Fermerlər hər hektardan 20-25 sentner məhsul proqnozlaşdırır. Rayonda yaradılan tədarük məntəqəsi yığılan pambığın satışına hesablanıb. 

Zabit Əhmədov – fermer: "Pambığı 3 üz yığmağı nəzərdə tutumuşuq. Hazırda birinci üzün yığılması həyata keçirilir ki, buradan da 2 ton məhsul götürəcəyik. Hektara isə 4 ton məhsulun əldə edilməsini nəzərdə tutmuşuq”.

Zabit Əhmədov kimi Goranboyda 200-dən artıq fermer bu il rayon ərazisində pambıq əkib. Vaxtında aparılan aqrotexniki tədbirlər bol məhsul vəd edir. Yığılan pambıq rayon ərazisində fəaliyyət göstərən qəbul məntəqələrinə 1 kiloqramı 51 qəpikdən satılır.

Siyavuş Qurbanov -Goranboy Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin direktoru: " Pambıq sahələrindən yığılan məhsul məntəqəyə təhvil verilir və burda buntlaşdırılır. Ağ qızıl tam hazır vəziyyətə gətirildikdən sonra biz məhsulu emal müəssisələrinə verərək üzərimizə düşən planı yerinə yetirmiş oluruq. Bu günə kimi xırda fermerlərdən 15 ton pambıq tədarük olunaraq məntəqəyə təhvil verilib".

Məntəqəyə məhsulun vaxtında, həm də itkisiz çatdırılması üçün 4 kombayn və 26 ədəd yük traktoru fermerlərin ixtiyarına verilib.

Yasin Məmmədov - Goranboy RİH-nin baş məsləhətçisi: "Hazırda tərəfimizdən pambıq sahələrində aparılan bioloji məhsuldarlığın təyini zamanı bu nəticəyə gəlinib ki, bu il rayonumuzda bol məhsul olacaq. Hazırda pambığın əl yığımına başlanılıbdır, çox yaxşı məhsul var. Havaların əlverişli keçməsindən istifadə edərək istəyirik ki, optimal müddətdə “ağ qızıl”ı yığaraq yüksək sortla təhvil verək".

Bu il fermerlərdən 4 min ton pambığın tədarük olunması nəzərdə tutulur. Yığılan məhsulun dəyəri isə fermerə yerindəcə ödənilir.

Bu il Goranboy rayon ərazisində 2 min hektar sahədə “ağ qızıl”ın əkib becərilməsi prosesi aparılıb ki, hazırda da pambığın ilkin mərhələdə əllə yığılması həyata keçirilir. Gözlənilən məhsuldarlığın yüksək olmasından ruhlanan rayon fermerləri gələn il üçün pambıq sahələrini 2 min hektardan 5 min hektara çatdırmağı proqnozlaşdırır. 

Hələ sovetlər dönəmində Goranboyda 23 min hektar sahədə pambıq əkilərək 46 min ton məhsul əldə olunub. Dövlət tərəfindən verilən subsidiyalardan da yararlanmaqla pambıqçılıqda əvvəlki göstəricinin əldə edilməsi hədəflənib.

 

Xaliq Qurbanlı