• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1620
— 31.05.2016 15:58

Yeni salınan qəsəbələrin “adsız küçə” problemi

Son bir neçə ildə Gəncənin ərazisinin genişlənməsi, yeni qəsəbələrin salınması və orada əhalinin məskunlaşması şəhərdə küçələrin sayında da artıma səbəb olub. Lakin yeni küçələrin hələ də ad sarıdan mövcud olmaması orada yaşayanlar və gələnlər üçün çətinliklər yaradır. Şəhər İcra Hakimiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin yerli idarəsi məsələnin həlli istiqamətində tədbirləri yekunlaşdırmaq üzrədir.

 “Çinar market”, “göy “boçka”nın yanı”, “qoşa artezian”. Qəribə səslənsə də, bu adlar Gəncənin yeni salınan qəsəbələrində yaşayan sakinlərin, əraziyə nabələd olan insanlara verə biləcəyi istiqamət yerləridir. Məhz bu istiqamət yerləri həmin ərazilərdə axtardığınız ünvanı tapmaqda sizə nisbətən kömək edə bilər. 

Nisbilik isə ondan ibarətdir ki, istinad nöqtəsindən sonra mənzil başına ya sorğu-sual etməklə, ya da gedəcəyin ünvanda yaşayan kəslə çatmaq olur. Bu isə evə gələn qonağın gecikməsinə və ya çağırılan yardımın vaxtında çatmamasına səbəb olur.

Rəfiqə Məmmədova- Cavadxan qəsəbəsi sakini:  “Təcili yardım lazım olur, gərək qabağına adam çıxa - bir nəfər göndərəsən yola, orda dura gözləyə ki, yardım gələ.  Ad yoxdur, ad verilməyib. Bilmir hansı ünvana gəlsin”.

Simuzər Hümbətova- Cavadxan qəsəbəsi sakini: “Təcili yardım gəlir, gərək kimsə yer deyə, mağaza və ya başqa tanınan bir yer ki, çıxasan ora. Təcili yardım maşınının qabağına çıxana qədər, öz xəstəni özün aparıb xəstəxanaya çatdıra bilərsən, nəinki qabağına çıxıb, onu gözləyəsən”.

Elə xəstəyə kömək üçün gələnlər və sürücülər də adsız küçələrin az çətinlik yaratmadığı qənaətindədirlər. Yollarda itən vaxt, hadisə yerinə vaxtında yetişməmək kimi narazılıqlar küçələrə adların asılmamasından irəli gəlir.

Eldar Usubov- sürücü: “O qəsəbələrdən Avtozavod qəsəbəsi, Sevinc qəsəbəsi, Natəvan qəsəbələridir. Bu qəsəbələrin heç birində küçələrdə adlar yoxdur. Müştəri özü göstərməsə, o yolu tanımaq olmur. Qiymət də deyə bilmirsən ki, neçəyə gedəcəm, neçəyə getməyəcəm”.

Belə küçələrin sakini olanların sənədləşmə, qeydiyyat və digər kargüzarlıq problemlərini də yaşaması danılmazdır.

Rəfiqə Məmmədova- Cavadxan qəsəbəsi sakini:  “Küçənin adı olmadığı üçün nə evimizə sənəd ala bilirik, nə də uşaqlarımızı evə qeydiyyata sala bilirik. Burda yaşayırıq, ancaq başqa yerdə qeydiyyatdayıq”.

Simuzər Hümbətova- Cavadxan qəsəbəsi sakini: “Oğlum institutda oxuyur. Sənəd lazım olanda qayınanamgilin evində qeydiyyatda olduğumuzdan ordan alıb veririk. Bizim adımıza hər hansı bir sənəd gələndə də ora gəlir. Bizə də ordan xəbər verirlər”.

Yaranan problemdən çıxış yolu tapmaq üçün Gəncə şəhər İcra Hakimiyyətində yaradılan xüsusi komissiya tərəfindən işlər yekunlaşıb. Sadalanan qəsəbələrdəki küçələrin adlandırılması sənəd üzərində hazırlanıb və növbəti mərhələdə icrası üçün Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Gəncədəki 3 saylı Ərazi İdarəsinə təqdim olunub. İdarədən də prosesin son mərhələdə olduğu barədə məlumat verilib.  Yəni, yaxın vaxtlarda adların küçələrə asılacağı gözlənilir. Bu isə o deməkdir ki, Gəncədə yeni salınan qəsəbələrdə yaşayanlar bir az da gözləsə, hansı küçənin sakinləri olduqlarını biləcəklər.

Elton Cabbarlı