• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1616
— 31.05.2016 14:46

Yay fəslində qida zəhərlənmələrindən qorunmağın yolları

Yay fəslinin əsas problemlərindən biri, bəlkə də, elə birincisi qida zəhərlənmələridir. Bəs bu məhsulların saxlanılması və  nəzarəti necə aparılır? Xüsusilə ən çox alınan dondurmaların yoxlanılması həyata keçirilirmi? Daha ətraflı əməkdaşımız Bahadur Şakiroğlunun təqdimatında...

Havanın hərarəti çox olduqda müəyyən patogen mikrobların inkişafının çoxalma sürəti artır. Buna görə də yay aylarında qida zəhərlənmələrinin sayı çoxalır. Bu səbəbdən qəbul etdiyimiz hər bir qidanın keyfiyyəti və saxlanma şəraitinə xüsusilə fikir verməliyik. Ərzaqların düzgün olmayan istifadəsi, saxlanılması, temperatur rejiminə, sanitar-gigiyena qaydalarına əməl olunmaması qida zəhərlənmələrinə gətirib çıxarır. Mövsümlə əlaqədar su və dondurmaya olan tələbat artdığından onların satışı da digər məhsullara nisbətən çox olur. Bəs bu məhsullar necə saxlanılır və satışdan qabaq hansı yoxlamalardan keçirilir? Bu suala Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri belə cavab verir.

Kərim Abbasoğlu- "Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri: “Hər hansı dondurma istehsal edən müəssisə onu satış nöqtəsinə çatdırana qədər, temperatur rejiminə əməl olunmalıdır. İstehlakçılara da tövsiyyəmiz odur ki, hər bir məhsulu alanda mütləq onun xarici görünüşünə, yararlıq müddətinə və saxlanma şəraitinə diqqət yetirsinlər. Hər bir müəssisə bazarda qalmaq üçün keyfiyyətli məhsul istehsal etməyə çalışır. Məhsulun keyfiyyətli və keyfiyyətsiz olması məsələsi, bilirsiniz ki, o istehsal olunana qədər həm müəsisənin öz laboratoriyası tərəfindən, həm də satış nöqtələrində buna nəzarət olunur”.

Belə qənaətə gəlmək olar ki, qida zəhərlənmələrinin qarşısının alınmasında təkcə sanitar orqanlar deyil, bilavasitə özümüz də böyük rol oynayırıq.

Hər bir kəs aldığı ərzaqlara  diqqət yetirsə, tərkibini və ən əsası buraxılış tarixini nəzərdən keçirsə, zəhərlənmə hallarının qarşısını ala bilər. Gəlin sağlamlığımıza diqqət edək...

Bahadur Şakiroğlu