Gəncə xalçaçılığı bu gün durğunluq dövrünü yaşayır. Xalçanın toxunması üçün lazım olan yun iplərin xaricdən gətirilməsi rentabelli sayılmır. Bu fikirləri səsələndirən “Azərbaycan xalçaçıları” İB-nin üzvü Elyar Quliyev qədim sənət nümunəsini yaşatmaq üçün bir neçə istiqamətdə tədbirlərin görülməsini vacib sayır.
Hazırda Gəncə şəhərində fabrik üsulu ilə xalçaların toxunması həyata keçirilmir. Müasir avadanlıqlara təchiz olunan kombinatların olmaması, yerli yun iplərinin keyfiyyətli hazırlanmaması, rənglənmə üçün müəssisələrin fəaliyyətsizliyi burada əsas rol oynayır. “Azərbaycan xalçaçıları” İB-nin üzvü Elyar Quliyevin sözlərinə görə, Gəncə və ətraf rayonlarda mövcud şərait iplərin təbii boyanmasına imkan verir və qaba yunun ipə çevrilərək istifadəsi üçün kifayət qədər yun bazası var. Lakin bu imkanlardan istifadə edilməməsi xalçaçılığa marağı azaldıb.
Elyar Quliyev – “Azərbaycan xalçaçılar” İB-nin üzvü: "Bizim rayonlarda qaba yun 10 tonlarla yığılıb qalıb və müəyyən səbəblərdən istifadə olunmur. Qaba yunun ipə çevrilməsi məsələsi bu günün aktual məsələrindən biridir. Əgər istehsal olarsa, keyfiyyətli iplər hazırlanarsa, nəticədə mən düşünürəm ki, yaxşı olacaq".
Gəncə Tekstil Kombinatının xalçaçılıq sexində 15 avadanlıqdan cəmi ikisinin fəaliyyətdə olması da bundan irəli gəlir. Xammalın baha baş gəlməsi, yerli xalçalara marağın az olması, alıcılıq qüvvəsinin yoxluğu və məhsulların təbliğinin demək olar ki, aparılmaması bu sahəni gəlirsiz edib.
Xatirə Bayramova– xalçaçı-dizayner: “Alıcılar sənaye üsulu ilə toxunan xalçalara üstünlük verdiyi üçün əl xalçalarını alan demək olar ki, yoxdur. Bu səbədən də mallarımız satılmır, bu da işçilərimizin sayının azlamasına səbəb olur”.
Elə qərb bölgəsindən olan təsərrüfatçılar da qoyun qırxımından əldə etdikləri yunun satılmamasından gileylənir. Əsas səbəbsə, yun qəbulu məntəqələri və emal müəssisələrinin olmamasıdır.
Gəncə Tekstil Kombinatında toxunan xalçaların xammalında istifadə olunan pambıq yerli istehsal olsa da, yun iplərin böyük əksəriyyəri İran İslam Respublikasından sifariş əsasında gətirilir. Bu da xalçanın satışı zamanı onun qiymətinə öz mənfi təsirini göstərir.
Əl ilə toxunan xalça ölçüsü və naxışlarından asılı olaraq uzun müddətə başa gəldiyindən, sərf olunan əmək onun qiyməti ilə düz mütənasib olmalıdır. Xalçaçılar bu fikirdədir ki, yerli xammaldan istifadə bu sahədə durğunluğu aradan qaldıra bilər. Belə olan halda, qazanan Azərbaycan xalçaçılığı olar.
Xaliq Qurbanlı
- Baxış: 502