• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1668
— 31.05.2016 15:45

Gəncədə sinaqoqun tikintisi planlaşdırılır

Dövlət siyasətinin önəmli hissəsi olan multikulturalizm Azərbaycanda yaşam tərzidir desək, heç də yanılmarıq. Burada müxtəlif millətlərə, dinlərə məxsus insanlar birgə mehriban şəkildə yaşayır, öz milli mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edirlər. Bu gün Azərbaycanda xeyli sayda milli və dini icmalar fəaliyyət göstərir ki, onlardan 7-si Gəncə şəhərinin payına düşür. Bu icmaların sırasına bu yaxınlarda biri də əlavə olunub.

Gəncədə Yəhudi Dini İcması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçərək fəaliyyətə başlayıb. Hazırda Gəncədə 300-dən çox yəhudi yaşayır. Dövlət qeydiyyatına aprelin 20-də alınan icmanın ətrafında isə 100-ə yaxın yəhudi birləşib. Yəhudi Dini İcmasının tərkibində Aşginazi, Buxara və dağ yəhudiləri təmsil olunurlar. Onlar tez-tez bir araya gələrək özlərinin dini ayinlərini icra edir, müqəddəs günlərini və bayramlarını qeyd edirlər.

Arif Babayev- Gəncədə Yəhudi Dini İcmasının sədri: "Bu yaxınlarda biz bir bayramımızı qeyd etdik. 50-60 nəfər insan bir araya toplanmışdı. Bundan sonra da öz bayramlarımızı burada qeyd etmək fikrimiz var".

Dini icmada ravvinə olan ehtiyac həll edildikdən sonra Gəncə şəhərində sinaqoqun tikintisi də planlaşdırılır. Yəhudilər Azərbaycan xalqı ilə olan dostluq, qonşuluq münasibətlərinə də fikir verirlər.

Arif Babayev- Gəncədə Yəhudi Dini İcmasının sədri: "Azərbaycan xalqı ilə Yəhudi xalqı çox mehribandırlar. Münasibətlərimiz çox güclüdür. Biz inanırıq ki, bu dostluq, qardaşlıq bundan sonra da davam edəcək. Arzu edirik ki, tezliklə Şuşada, Kəlbəcərdə toplaşaq, yəhudi bacı və qardaşlarımızla bu cür tədbir təşkil edək".

Yəhudilər Gəncədə təqribən 300 il bunlan əvvəl məskunlaşıblar. Onların ümumilikdə Azərbaycanda məskunlaşmaları isə çox-çox əvvəl baş verib.

Əksər tədqiqatçılar bunun XVI əsrdə baş verdiyini desə də, bəzi tarixi mənbələrdə bu hadisənin e. ə. VI əsrdə baş verdiyi göstərilir. Moisey Kalankatlı isə dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir.

Gülnar Fazilqızı