Tariximizin şanlı səhifələrdən birini vərəqləyirik bu gün. O səhifə ki, orada Şərqin ilk Demokratik Respublikası qurulub. O səhifəki orada Azərbaycan bayrağı milli dövlət atributumuz, Azərbaycan dili dövlət dilimiz elan edilib. Sadalananlar 23 aylıq hökumətin qəbul etdiyi qərarların bir qismidir. Və 1918-ci ilin bu günü elan olunan Azərbaycan Demokratik Respublikasının qısa taleyinin Gəncədən keçən bir dövr var. Zülfiyyə Telmanqızı ilə Cümhuriyyətin 3 aylıq Gəncə dövrünə nəzər salırıq.
Hadisələrin xronoloji ardıcıllığı... Adətən tarixə belə tərif verirlər. Amma hər şey xronologiya kimi quru və statik rəqəm ardıcıllığı deyil. Bəzən o rəqəmlərdən birinin altında o qədər böyük hadisələr cəmləşir ki, həmin rəqəm tarixin xronologiyasından çıxıb, bütöv bir tarixə çevrilir. 1918-ci ilin 28 mayı kimi. Azərbaycanın müstəqil dövlət olaraq elan edilməsi, Dünya xəritəsində dövlətlər sırasında adının hallanması Şərqin ilk demokratik Respublikasının olmasını xarakterizə edir bu tarix. Sözün əsl mənasında tarix içində tarixdir 28 may.
Azad Bayramov-tarixçi: "Birinci dünya müharibəsinin olması, müharibədə güclü dövlətlərin tamamilə zəifləməsi, Rusiyada 300 ildən artıq hökmranlıq edən Romanovlar sülaləsinin devrilməsi, bütün bunlar imkan verdi ki, Azərbaycan xalqı özünün müstəqilliyini elan etsin. Bununla da Azərbaycan bütün dünyaya göstərdi ki, doğrudan da bu xalq müstəqil yaşamağa qadir xalqdır".
Daha bir fakt isə bundan ibarətdir ki, Demokratik Respublikanın elan olunması nə dərəcədə vacibdirsə, onun paytaxtının seçilməsi də bir o qədər əhəmiyyətli idi. Amma həmin vaxt Bakıda erməni bolşevik alyansı at oynatdığından, tək bir Gəncə qalmışdı. Eyni zamanda Gəncənin paytaxt seçilməsini labüd edən digər səbəblər də var idi.
AXC-nin yaradılmasında əvəzsiz xidmətləri olan Azərbaycan oğullarının əksəriyyəti ya gəncəli idi, ya da fəaliyyətləri Gəncə ilə birbaşa bağlı olanlar. Həsən bəy Ağayev, Xudadat bəy Rəfibəyli, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov kimi şəxslər məhz Gəncə torpağının yetirmələri olub. Elə bütün bu sadalananlar Gəncənin paytaxt seçilməsi üçün zəmin yaradan amillər sırasındadır.
Azərbaycan müstəqil ölkə elan edildikdən cəmi 19 gün sonra iyunun 16-da hökümət Tbilisidən Gəncəyə köçür.
Bura Azərbaycan Dövlət Aqrar Universitetidir. Təhsil ocağı kimi nə qədər ali olsa da, tarixi bina baxımından da bir o qədər ali və əhəmiyyətlidir. Məhz bu bina xüsusən Cümhuriyyət dövründə var gəl edən bir çox tarixi məqamların, hətta tarixi ilklərin şahidi olub.
AXC-nin Gəncə dövrü bütöv bir tarixin önəmli hissəsidir. Məhz Gəncədə Azərbaycan dili dövlət dili elan edildi, məhz Gəncədə AXC-nin vətəndaşlığı haqqında qərar qüvvəyə mindi, məhz Gəncədə dahi Üzeyir bəyin başçılığı ilə "Azərbaycan" qəzeti işıq üzü gördü. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilən ən vacib qərarlardan biri isə dövlət bayrağımızın qəbulu oldu. Yəni verilən qərarların tamı məhz bu binada qəbul edilib. Elə tarixi əhəmiyyətindən irəli gələrək şəhər ictimaiyyəti 28 may tarixini illərdir məhz bu binada bayram edir. Özü əbədi olaraq müstəqil Azərbaycanın məğrur vətəndaşları kimi. Tarixə hörmət, bu günə etimad, gələcəyə inamla müstəqillik uğrunda mücadilə aparan şəxsiyyətlərin ruhunu şad edərək. İstiqlaliyyətin, çalınacaq zəfərlərin mübarək Azərbaycan.
Məmməd Əmin Rəsulzadə "Bizimsən, bizimsən durduqca bədəndə can. Yaşa, yaşa ey şanlı Azərbaycan !!!"
Zülfiyyə Telmanqızı
- Baxış: 2360