Müasir Azərbaycanın varisi olduğu 23 aylıq müstəqillik dönəmi tarixin şanlı, eyni zamanda qürurverici səhifəsi kimi xatırlanıb.
Samuxda Azərbaycana əbədi müstəqillik qazandıran ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayan rayon tədbirində Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyət dövrü təhlil edilib, 98 il bundan öncə tarixi vəziyyətin yaratdığı imkandan istifadə edilərək elan edilən müstəqilliyin kövrəkliyinə diqqət yönəldilib. Dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı müasir Azərbaycanın müstəqilliyinin etibarlı əllərdə olmasından və nüfuzunun günü-gündən artmasından söz açılıb. Rayonun ictimai həyatında fərqlənənlərin əməyi qiymətləndirildikdən sonra Respublika günü münasibəti yaşıllıq aksiyası baş tutub. Park və istirahət güşələrində yeni dekorativ gül kolları əkilib.
Kəlbəcərlilər də 98 il bundan öncə qazanılan istiqlaliyyəti bayram edib. Şərqdə və müsəlman dünyasında ilk demokratik respublikanın etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verdiyinə diqqət çəkilib. Nizami ordusu və güc strukturları yaradılan dövlətin ötən əsrin 90-cı illərinin əvvəlində yenidən əldə etdiyi müstəqilliyinin daimi olmasının heç kimdə şübhə doğurmadığı vurğulanıb. Dövlətçilik ənənələri qoruyub saxlayan Azərbaycanın bugünki uğurlarına nəzər yetirilib.
Şəmkirdə isə 28 may tədbiri Azərbaycan Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın xatirəsinə həsr olunub. Mədəniyyət evinin foyesində kitablar və fotolarından ibarət sərgi, dahi şairin dillər əzbəri olan şeirinin oxunması tədbirə xüsusi rəng qatıb. Şəmkirdə anadan olan Gəncə ruhlu şairin himn üçün yazdığı sözlərin zəngin yaradıcılığının şah əsəri kimi qiymətləndirilib. Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavadın digər həmkarları kimi haqsız olaraq həbs edilərək 1937-ci ilin qurbanlarından olması müxtəlif mövzularda qələmə aldığı şeirlərinin bu gün də sevilməsinə maneə olmayıb. Şeirləri, əlyazmalarına bəstələnən mahnıların ifası tədbirə özünəxas rəng qatıb.
XX əsr Azərbaycan xalqının həyatında 1918-ci ildə yaradılan Xalq Cümhuriyyətinin oynadığı müstəsna rol Gəncə Dövlət Universitetinin kollektivi tərəfindən də yüksək qiymətləndirilib. Demokratik prinsipləri rəhbər tutan respublikanın 23 aylıq dövrünə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə yüksək dəyər verildiyi, Azərbaycanın XC-nin hüquqi varisi kimi müstəqil siyasət yürütməsinin qazanılan uğurların təməlində dayanan vacib şərt olduğu vurğulanıb.
Natiq Hüseyn
Xaliq Qurbanlı
- Baxış: 320