Məqsəd multikulturializm çərçivəsində milli və dini icmaların həmrəyliyini nümayiş etdirməkdir. Toplantı Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası və Azərbaycanda Yaşayan Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şürası ilə birlikdə təşkil olunub. Polyak, türk, rus, tatar, yəhudi, kazak, yunan milli icmalarının və müsəlman, pravoslav, katolik, yəhudi dini icmalarının nümayəndələrinin iştirak etdiyi yığıncaqda Azərbaycan xalqının multikulturializm və tolerantlıq dəyərlərinə verdiyi önəmdən danışılıb. Multikulturializmin Azərbaycanda yaşam tərzi olduğu deyilib. Milli və dini icmaların nümayəndələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqelərini də nümayiş etdiriblər. Onlar bu mövzuda birlik və həmrəylik nümayiş etdiriblər. Sonda beynəlxalq təşkilatlara və xarici mətbuata çatdırılması üçün müxtəlif millətlərin nümayəndələri və dini icmalar tərəfindən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və norma prinsiplərinə uyğun həll olunmasına çağıran bəyanat qəbul olunub.
Nərgiz Xələf -AGAT-ın sədri: "Bu bəyanat Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, qonşu Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsini pisləyir, qısa bir zamanda işğalçı qoşunların ərazidən çıxarılmasını və qaçqın, məcburi köçkünlərin öz yurd- yuvalarına qayıtmasını tələb edir".
Sergey Valentinoviç -Kazak Milli İcmasının sədri: "Azərbaycanda uzun illərdir ki, müxtəlif xalqların nümayəndələri birlik, bərabərlik, qardaşlıq içərisində yaşayırlar və biz bunu bütün dünyaya göstərməliyik. Azərbaycanda olan milli və dini icmalar sərbəst şəkildə fəaliyyət göstərir. Müxtəlif xalqlar öz dinlərini, adət- ənənələrini yaşada bilirlər. Bu günki tədbirdə də biz bir daha Azərbaycanın necə multikultural və tolerant bir ölkə olduğunun şahidi olduq. Biz bunu qorumalı və yaşatmalıyıq".
Gülnar Fazilqızı
- Baxış: 569