• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2296
— 15.10.2014 15:11

“Kəpəz” futbol klubu Azərbaycan kubokunda iştirak etməyəcək

Gəncə təmsilçisi klub tarixi ərzində ilk dəfə trofey uğrunda mübarizə aparmaqdan imtina edib. Ən köklü klublardan olan “Kəpəz” ölkə kubokuna ən çox sahib çıxan iki komandadan biridir. Sarı-göylər 1994, 1997, 1998 və 2000-ci illərdə 4 dəfə bu mükafatı Gəncəyə gətirib. Amma kubokda böyük təcrübəyə malik komanda cari mövsüm üçün yarışdan geri çəkilib.           

Baş məşqçi səbəbini bilməsə də, öyrəndik ki, komandanın birinci divizonda zəif çıxışını nəzərə alan klub rəhbərliyi eyni vaxtda iki cəbhədə vuruşmağı məqbul hesab etmədiyindən kubok uğrunda mübarizəyə qatılmamağı qərara alıb. Kəpəz bununla bütün diqqətini çempionata yönəldib.

Yeri gəlmişkən, gəncəlilər 7-ci turda Ağsu səfərinə yollanacaq. İddialı rəqiblə oyunöncəsi son məşq prosesində Vidadi Rzayevin yetirmələri əsasən qapıya uzaqdan vurulan zərbələr üzərində işləyib. Məşqin sonrakı hissəsində isə şərti olaraq sarı və qırmızı rəngli komandalara ayrılan futbolçular ikitərəfli oyunla hazırlığı başa vurublar.

Qeyd edək ki, “Ağsu” – “Kəpəz” oyunu sabah keçiriləcək. Qarşılaşmanın start fiti saat 15:00-da çalınacaq.

 

Orxan Cəfərzadə