Bu günə xəbərlərin oxunma sayı: 1372
— 14.04.2016 10:50

Gəncənin həm məscid, həm mədrəsə, həm də kitabxana kimi fəaliyyət göstərən abidəsi haqda bilmədiklərimiz...

"Tatlar" və "Hüsniyyə" məscidi, "Nizami-Puşkin" kitabxanası. Adlar fərqli olsa da, söhbət bir məkandan gedir. 1880-ci illərin sonunda inşa edilən, həm məscid, həm mədrəsə, həm də kitabxana kimi fəaliyyət göstərən bir binanın tarixindən Gülnar Fazilqızı söhbət açacaq...

Gəncənin Hüseyn Cavid küçəsində yerləşən bu bina XIX əsr abidələri içərisində ən gəncidir. Bina 1886-cı ildə inşa edilib. Xalq arasında "Tatlar" məscidi kimi tanınsa da, mehrabındakı kitabədə əsl adının "Hüsniyyə" olduğu qeyd edilir. Professor Sadiq Şükürov "Gəncənin tarixi abidələrindən" kitabında yazır: "Tikilidə ornamentlərin olması, pəncərələrinin böyüklüyü abidənin məscid yox mədrəsə, mehmanxana məqsədi ilə tikildiyini söyləməyə haqq verir. Çünki şərq aləmində dini abidələri nəbati ornamentlərlə bəzəmək qadağan idi".

Lakin bu binadan uzun müddət məscid kimi istifadə edilib. Mehrabın zehlərindəki yazılar da bunu sübut edir.

Abidənin mehrabında hələlik yaxşı oxunan 3 kitabə var. Onlardan birində belə yazılıb: “Bu məscidin yerini öz mülkündən, torpağından şahzadə Bərmən Mirzənin qızı Səbiyyə xanım vəqf edib. Burada yaşayan başqa səxavət sahibləri də binanın tikilməsinə xərc çəkiblər”.

Binadan məscid kimi istifadə etmək üçün mehrab ona sonradan qondarılıb. Lakin qibləsi düzgün alınmadığından o naqis çıxıb. Cənubdan-qərbə bir barmaq mayilli olan mehrabın əyrisini isə Fani təxəllüslü Mirzə Sadıq düzəltməyə cəhd göstərib. Ümumiyyətlə, abidənin tikilməsində bir neçə nəfər iştirak edib. Bir ustanın işini sonacan görə bilməməsinin səbəbini isə maddi çətinliklə əlaqələndirirlər. XIX əsrin sonlarında "Hüsniyyə"nin otaqları A.S. Puşkinin anadan olmasının 100 illiyi şərəfinə kitabxana kimi istifadə olunmağa başlayır. Lakin bu çox uzun çəkmir.

Sadıq Şükürov öz kitabında bu haqda belə qeyd edir: "1905-ci il burjua inqilabının müvəffəqiyyətsizliyi, Stolıpin irticası mədəni- maarif ocaqlarının bağlanmasına təsir göstərir. Kitabxananın otaqları alınaraq, məscidə geri verilir".

1920-ci ildə isə kitabxananın fəaliyyəti "Nizami-Puşkin" adı altında yenidən bərpa olunur. Xalq rəssamı Toğrul Nərimanbəyov Nizaminin yubileyi ərəfəsində binanın içəri divarında iki dahi şairin şəkillərindən ibarət rəsm nümunəsi də yaradıb.

Hazırda isə kitabxana Azərbaycanın dahi şairi Nizami Gəncəvinin adını daşıyır. Burada Gəncə şəhər Mərkəzi Kitabxana Sisteminin 19 saylı filialı və uşaq şöbəsi fəaliyyət göstərir. 19 saylı filialın fonduna 10 minə yaxın kitab daxildir. İl ərzində buradakı ədəbiyyatdan 2500-ə yaxın oxucu faydalanır. İki ildir burada fəaliyyət göstərən uşaq şöbəsinin oxucusu isə daha çoxdur. İl ərzində bura 32 mindən çox azyaşlı və şagird müraciət edir.

Gülnar Fazilqızı