Bu günə xəbərlərin oxunma sayı: 669
— 11.04.2016 16:18

Döyüş meydanında qəhrəmancasına həlak olan şəhidlərimiz torpağa tapşırılıblar

“Ən böyük arzum, Şuşaya Azərbaycan bayrağını sancmaqdır”. Bu sözlər,  şəhid Mirsalam Cəfərovun ailəsinə verdiyi son söz olub.

Tovuzun Bayramlı kəndində boya-başa çatan 22 yaşlı gizir, digər şəhidlərimiz kimi cəbhədə gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib. Xeyli erməni hərbçisini məhv edən Mirsalam, döyüş meydanında qəhrəmancasına həlak olub. Türkiyədə hərbi təhsil alan gənc gizir hər zaman cəsurluğu və çevikliyi ilə seçilib. Ailənin sonbeşiyi olan Mirsalam yüzlərlə Tovuz sakininin iştirakı ilə doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb. Şəhidin tabutu üzərinə sərilən 3 rəngli bayraq əbədi xatirə olaraq atası Təvvəkül Cəfərova verilib.  

Azərbaycan ordusunun düşmənlə döyüşdə həlak olan daha bir şəhidi, silahlı qüvvələrin zabiti 37 yaşlı, 3 uşaq atası, kapitan Vaqif Bayramov yaşadığı Naftalan rayonunda dəfn edilib. Qəhrəman zabitimizi son mənzilə yola salmaq üçün yüzlərlə rayon sakini küçələrə axın edib, ölməzlik zirvəsinə ucalan şəhidinə, alqışlarla öz ehtiramlarını bildiriblər. Azərbaycanın işğal altında olan Talış kəndi istiqamətində gedən döyüşlərdə, düşmənə qarşı qəhrəmancasına vuruşan Vaqif Bayramov yaralı döyüş yoldaşlarını xilas edərkən şəhid olub. Kapitanı tanıyanlar onun əsl vətənpərvər, vətəninə, torpağına, millətinə sadiq, düşməninə isə dərin nifrət bəslədiyini diqqətə çatdırıblar. Düşmənə qarşı olan bu nifrəti isə 1992-ci ildə şəhid olan qardaşı Mehman Bayramovun qisasını almaq istəyindən irəli gəlib.

Şəhid zabitimiz rayon qəbiristanlığında torpağa tapşırılıb. Şəhidin xatirəsinə yaylım atəşi açılıb. Üçrəngli dövlət bayrağı şəhidin yaxınlarına təqdim olunub.

Elton Cabbarlı, Rahim İbrahimoğlu