• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4056
— 18.02.2016 15:56

Dövlət Miqrasiya Xidməti Samuxda maarifləndirmə tədbiri təşkil edib

Ötən il Dövlət Miqrasiya Xidmətinə müxtəlif məsələlərlə bağlı ümumilikdə 105 550 müraciət daxil olub. Xidmətin Çağrı Mərkəzi tərəfindən il ərzində 99 439 telefon zəngi qəbul edilib.Dövlət Miqrasiya Xidməti əcnəbi işçi qüvvəsindən istifadənin qanunamüvafiq olaraq tənzimlənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətinə yalnız müəyyən edilmiş kvota çərçivəsində cəlb edilməsi, neft-qaz layihələrində əcnəbi işçi heyətinin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə nəzərat gücləndirilib. Qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparılır. Ötən il əcnəbilər və vətəndaşlığı olmayan 26 567 şəxs tərəfindən inzibati qanunvericiliyin pozulması faktı aşkar edilib və müvafiq tədbir görülüb. Ötən il həmçinin ölkədə qalma müddətinə müvafiq olaraq respublikaya girişi qeydə alınan əcnəbilərdən 670 326 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb. Bu fikirlər Dövlət Miqrasiya Xidmətinin Samuxda təşkil etdiyi maarifləndirmə tədbirində səsləndirilib. Tədbirdə əcnəbi və vətəndaşlığı olmayan şəxslər, dövlət qurumları və ictimai təşkilatların nümayəndələri, sahibkarlar iştirak edib. Ölkədə müvəqqəti və daimi yaşama icazələrinin verilməsi üçün əsaslar, tələb olunan sənədlər, müraciət formaları haqqında ətraflı danışıldıqdan sonra, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mehmet Halis Ayaz - Türkiyə vətəndaşı: "Mən Türkiyə vətəndaşıyam, burada biznes fəaliyyəti ilə məşğulam. Miqrasiya ilə əlaqəli qaranlıq qalan nöqtələr, bilmədiyimiz məsələlər var idi. Bu gün bu tədbirdə onları öyrənmiş olduq".

Samir Zeynalov - hüquqşünas: "Hesab edirəm ki, bu cür tədbirlərin keçirilməsi rayon ictimaiyyətinin maarifləndirilməsi baxımından çox önəmlidir. Samux və ətraf rayonlarda kifayət qədər vətəndaşlığı olmayan əcnəbilər var. Bu tədbirdə də həmin şəxslər öz suallarını ünvanladılar və cavab aldılar. Mən nümayəndəsi olduğum xəstəxanada 60-a yaxın əcnəbi vətəndaş çalışır".

Tədbir yekunlaşdıqdan sonra isə Gəncə Regional Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən yerli və əcnəbi vətəndaşlara səyyar xidmət göstərilib.

Gülnar Fazilqızı