• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4112
— 18.02.2016 10:53

Göygöldə əhalinin icbari tibbi müayinəsi uğurla həyata keçirilir

Ölkə Prezidentinin tapşırığına əsasən, fevralın 1-dən başlayan əhalinin icbari tibbi müayinəsi Göygöl rayonunda da uğurla həyata keçirilir. Müayinələr rayon mərkəzi ilə yanaşı, kəndlərdə də aparılır.

Ötən il olduğu kimi bu il də vətəndaşlar arasında icbari tibbi müayinəyə maraq olduqca böyükdür. Belə ki, gün ərzində Göygöl Mərkəzi Rayon Xəstəxanasına tibbi müayinədən keçmək üçün 500-dən artıq rayon sakini müraciət edir.

60 min əhalisi olan Göygöl rayonunda vətəndaşların tibbi müayinəsi Göygöl Mərkəzi Rayon Xəstəxanasında, eləcə də 2 kənd sahə xəstəxanası, 5 kənd həkim məntəqəsi və 1 kənd tibb məntəqəsində təşkil olunub.

Eldar Muradov -Göygöl MRX-nin baş həkiminin müavini: “Fevral ayının 15-dən may ayının 15-nə kimi rayon əhalisi müayinədən keçiriləcək. Uşaq yaşlarında olan, yəni 17 yaşına qədər uşaqlar isə ilboyu bu müayinələrə cəlb olunacaqlar”.         

Müayinələrin yüksək səviyyədə keçirilməsi üçün bütün tibb müəssisələrində lazımi şərait yaradılıb. Vətəndaşlar müxtəlif xəstəliklərə qarşı həkim-mütəxəssislər tərəfindən hərtərəfli müayinədən keçirilirlər.

Eldar Muradov- Göygöl MRX-nın baş həkimin müavini: “Bundan başqa laborator və instrumental müayinələrdən əhalinin keçirilməsi nəzərdə tutulub. Bizim rayon əhalisi deməli terapevtik müayinələri, qulaq, burun, boğaz, kardioloji, göz, sinir, pediatrik və əsasən cərrahi xəstəliklərdən və sairə xəstəliklərdən müayinədən keçirilirlər”.

Ötən il aparılan tibbi müayinələrdə 1500 uşaq müxtəlif xəstəliklərlə dispanser qeydiyyatına götürülüb. Yuxarı yaş qrupu üzrə isə 3000 nəfərdə xəstəlik aşkar edilərək müalicəyə cəlb olunub.

Elton Cabbarlı