• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4063
— 17.02.2016 16:29

İlham Əliyev Gəncə şəhərində bir sıra açılışlarda iştirak edib

Bu gün prezident İlham Əliyev Gəncədə səfərdə olub. Dini-tarixi məkanlarla yanaşı sosial obyektlərin də açılışını edən dövlət başçısı Gəncə Avtomobil zavodunda istehsal prosesini izləyib.

Dövlət başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olan Prezident burada respublika ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşüb. Dövlət başçısına “Qurani-Kərim” və “Gəncə İmamzadə ziyarətgahı” kitabı hədiyyə edilib. Kompleksə qadın və kişilər üçün dəstəmazxanalar, anbar, inzibati və texniki otaqlar, mehmanxana daxildir. Qadın və kişilər üçün ayrı-ayrılıqda iki namaz zalı tikilib. Binada xəttatlıq və kaşı materialları ilə üzləmə işləri yüksək sənətkarlıqla yerinə yetirilib. Ziyarətçilərin ixtiyarına dini kitabxana, konfrans zalı, muzey də verilib. Beşinci imam Məhəmməd Baqirin oğlu İbrahimin məzarının yerləşdiyi türbədə olan prezidentə hündürlüyü 45 metr olan iki minarə, qurbangah binası, ehsanxana barədə məlumat verilib.

Dövlət başçısı Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının əsaslı təmirdən sonra açılışını da edib. 245 çarpayılıq beşmərtəbəli xəstəxanada cərrahiyyə, travmatologiya, urologiya, terapiya, hemodializ, nevrologiya, ginekologiya, dəri–zöhrəvi şöbələri fəaliyyət göstərəcək. Bundan başqa, tibb müəssisəsində rentgen, fizioterapiya, laboratoriya, ultrasəs müayinə, EKO bölmə və kabinetləri də yaradılıb. Xəstəxanada nüvə maqnit rezonans tomoqrafiya, rəqəmsal rentgen cihazı, çoxkəsikli kompyuter tomoqrafiyası, immunoferment analizatoru, biokimyəvi analizator və tibbin ən son nailiyyətləri olan digər avadanlıq və cihazlar var.

Prezident İlham Əliyev “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin balansında olan 240 yerlik körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılan şəraitlə də tanış olub. Bağçanın idman zalı, üzgüçülük hovuzu müasir səviyyədə təmir olunub. Burada qrup, yataq və soyunub-geyinmə, şahmat və tibb otaqları, oyun zalı, metodik kabinet təşkil olunub. “Gəncə Avtomobil Zavodu”nun  fəaliyyəti ilə tanış olan dövlət başçısı istehsal prosesi ilə maraqlanıb, istehsal olunan nəqliyyat vasitələri barədə məlumatlandırılıb.

Vəfa Şairova