• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4093
— 17.02.2016 16:05

Gəncə mətbəxinin unudulmaqda olan yeməkləri...

Azərbaycan mətbəxi  öz qədimliyi ilə yanaşı, yeməklərin zənginliyi və fərqliliyi ilə də seçilir. Bu mətbəxi fərqli və zəngin edən isə hər bölgənin özünəxas yeməklərinin olmasıdır. Çeşidlərin çoxluğu vaxt ötdükcə bəzi xörəklərin unudulmasına da gətirib çıxara bilir. Qarşıdakı materilda Gəncə mətbəxinə xas olan, lakin hazırda bişirilməyən yeməklər haqqında söhbət açılacaq.

Azərbaycan xalqının çoxşaxəli və zəngin ənənələrinin içərisində süfrə mədəniyyətinin öz yeri, öz gözəllikləri var. Elə bu səbəbdəndir ki, xalqımız qonaqpərvərliyi ilə seçilir. Əbəs yerə əzəldən ata-babalarımız süfrə ilə öyünməyiblər ki... Süfrə açmaq igidlik, ərlik göstəricisi olub.

Azərbaycanın şəhər və rayonları içərisində Gəncə mətbəxi özünə məxsus yer tutur. Gəncə mətbəxi deyildikdə isə ilk ağlagələn paxlava və dovğa olur. Kələm dolmasının narşərab və şəkərlə yeyilməsi də sırf gəncəlilərə xas olan bir xüsusiyyətdir.

Bu bölgənin unudulmaqda olan və ya tamamilə rasiondan çıxarılan yeməkləri də az deyil. Sülfüllü, əvəliklik umac - unudulmaqda olan yeməklər sırasına aid edilirsə, "bağır-beyin", "rəxtər-beyiş" kimi təamların nəinki hazırlanması, heç adı çoxlarına məlum deyil.

Azərbaycan mətbəxində təkcə plovun xeyli sayda növü var. Onu fərqli edənsə, düyünün yanında süfrəyə verilən "aş-qarasıdır".

Ruziyyə Quliyeva- folklorşünas: "Vaxtı ilə plovun yanına aş-qarası əvəzinə qoyulan, "bağır-beyin" deyilən bir yemək olub. Bu nədən ibarətdir? Deməli, qaraciyəri xırda hissələrə ayırıb, ət maşınından keçiriblər, içərisinə bir baş soğan və quyruq əlavə ediblər. Bir də onun içərisinə, indi mətbəxdə istifadə olunmayan, malın, qoyunun beyni əlavə edilib".

"Rəxtər-beyiş" isə Gəncə mətbəxində xüsusi yer tutan "firni"yə bənzəyir.

Ruziyyə Quliyeva- folklorşünas: "Firnidən fərqi odur ki, firni hazırlanarkən, əzilmiş düyü unu südün içərisinə tökülürsə, burada suyun içərisinə tökülür. Ədviyyat əlavə olunur: duz, sarıkök, amma bişirənlər, zəfəranın vurulmasını daha üstün hesab edirlər. Zəfəran bu yeməyi daha ətirli edir. Hazır olanda üstünə xırda doğranmış qoz ləpəsi səpilir. Zövqə görə yağ vurulur".

Yeməklərin fərqli olması ilə yanaşı, onların fəsillərə görə bişirilməsi də Azərbaycan xalqına məxsus adətlərdən biridir. Təamların yanında süfrəyə qoyulan ədviyyatların belə xüsusi anlamı, mahiyyəti olub. Elə bu səbəbdən də süfrə mədəniyyəti xalqımızın həyat tərzini, məişətini, dünyagörüşünü formalaşdıran amillərdən hesab edilir. 

Gülnar Fazilqızı