« Geri

MUĞAM TÖHFƏSİ

Muğam sözü ərəb dilində işlənilən "məqam" sözündən yaranıb. "Məqam" sözü simli alətlərdəki pərdə mənasına gəlir. Hər muğamın da əsas notu alətin bir pərdəsində olduğu üçün bu ad verilib. Təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olub, lakin sonralar baş verən ictimai-siyasi dəyişikliklər səbəbinə görə parçalanıb. "Klassik şərq muğamı" 12, "Əsas muğam" və 6 avazatdan ibarətdi. Əsas muğamlar: Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngülə, Rəhavi, Hüseyni və Hicaz, avazatlar isə Şahnaz, Mayə, Səlmək, Novruz, Kərdaniyə, Güvaştdan ibarət idi. Yazılı musiqi əsərindən fərqli olaraq, muğam kompazisiyası fərd tərəfindən bəstələnmir, müəyyən mövcud şifahi sxem üzrə yaradılır. Əslində muğam mücərrəd fikir kimi mövcuddur, ifa edilməyənə qədər o yoxdur. İfaçı muğamı ifa edən zaman bir növ ona nəfəs verir. Muğam nə vaxtsa kimlərsə tərəfindən bəstələnən melodiyalardan ibarətdir. Amma ümumilikdə muğam sənəti anonimdir. Əvvəllər olduğu kimi indi də yaradıcı istedada malik olan ifaçılar eyni zamanda ayrı-ayrı melodiyalar, əsasən təsniflər və rənglər yaradırlar, amma geniş kütlə üçün onları bəstələyən sənətçinin adı bir qayda olaraq qeyri-müəyyən qalır. Beləliklə xalqın nəzərində bu havaların müəllifi müxtəlif fərdlər yox, xalq özüdür. Keçən əsrin 70-ci illərin əvvəllərində Sovet İttifaqında UNESCO-nun himayəsi altında keçirilən ənənəvi musiqinin beynəlxalq festivalları Qərb üçün Sovet Şərqinin ənənəvi musiqisini, həmçinin orijinal musiqi mədəniyyəti kimi Azərbaycan muğam sənətini «kəşf etdi». O vaxtdan Azərbaycan muğamı dünya mədəniyyəti məkanına daxil olmağa başlayır. 1971-ci ildə UNESCO 50 albomdan ibarət olan «Dünya ənənəvi musiqisinin antologiyası» kolleksiyasına «Şərqin musiqi antologiyası» seriyasında çıxan «Azərbaycan musiqisi» plastinkasını daxil edib. 1975-ci ildə Azərbaycan muğamları yenə də UNESCO tərəfindən «Musiqi mənbələri» seriyasında buraxılıb. Azərbaycan muğamı Tarkovskinin bütün dünya ekranlarını dolaşan «Stalker» filmində də səslənib. 2003-cü ildə UNESCO Azərbaycan muğamını «bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri» siyahısına daxil etdi və bununla da muğamın bədii təkrarolunmazlığını və dünya mədəniyyəti üçün dəyərini təsdiq etdi.

Son illər də Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə muğamımıza olan diqqət və qayğı artıb. Buna nümunə olaraq muğam müsabiqələrinin keçirilməsini, Azərbaycanda beynəlxalq muğam mərkəzinin açılmasını göstərmək olar.

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player