
MUSİQİ KARVANI
Layihə Azərbaycan klassik musiqi irsinin şah nümunələri, eləcə də bu irsi yaradan böyük sənətkarlar: bəstəkar, musiqiçi və ifaçılar haqqında silsilə proqramlardan ibarətdir. Bu proqramlar milli professional musiqimizin bünövrəsini qoyan Üzeyir Hacıbəylidən başlayaraq, çağdaş dövrün öndə gedən böyük sənət ustadlarına qədər bir dövrü əhatə edir. Şərqin ilk operası, ilk balet, Azərbaycan milli simfonizminin yaranışı və inkişafı, Azərbaycanın klassik mahnı yaradıcılığı, milli ifaçılıq məktəbimiz, musiqi xadimlərinin irsi layihənin mahiyyətini təşkil edir. Bu dövr foto, videoxronika, tarixi sənədlər, hadisələrin şahidləri və iştirakçılarının xatirələri üzərində, habelə musiqi fondunun materialları əsasında canlandırılır. Layihənin ilk 3 proqramı Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunub. Bunlar Şərqin ilk operası, ilk musiqili komediyalarımız və Azərbaycan opera janrının şah əsəri “KOROĞLU” operası haqqındadır. Növbəti proqramlar Fikrət Əmirov və onun dünya simfonizminə gətirdiyi yenilik – simfonik muğam janrı, maestro Niyazi və Azərbaycanın dirijorluq məktəbi, dahi Qara Qarayevin yaradıcılığı, Arif Məlikovun “Məhəbbət əfsanəsi”nin dünyada qazandığı fenomenal şöhrət, Azərbaycan xanəndəlik və ifaçılıq məktəbinin görkəmli ustadları, Azərbaycan klassik mahnı məktəbinin təməlini qoymuş bəstəkarlara (Tofiq Quliyev, Rauf Hacıyev, Cahangir Cahangirov, Emin Sabitoğlu və s.) həsr olunacaq. Layihə milli-mədəni irsimizin təbliğinə həsr olunur.
Verilişin ssenari müəllifi Zəhra Qürbət, rejissoru Gülnarə Abdullayevadır.
Proqram çərşənbə günü saat 19:00-da 30 dəqiqə olmaqla Kəpəz TV-də tamaşaçıların görüşünə gələcək.