Suriyanın Homs şəhərini hərbi qüvvələrin bombardman etməsi nəticəsində ən azı daha iki xarici jurnalistin ölməsi barədə xəbərlər yaılmaqdadır. Müxalifət qüvvələrinin nəzarəti altında olan Baba Əmr regionunda rejim əleyhdarı olan mətbuat mərkəzi hökumət qüvvələri tərəfindən yerlə-yeksan edilib.
Ölən jurnalistlərdən “Sunday Times”ın müxbiri Meri Kolvin Şri-Lankadakı müharibə zamanı bir gözünü itirmişdi. Fransız foto-müxbir Remi Oklik isə Paris-Maç jurnalının əməkdaşı idi. Bombardmanda ölənlərdən biri də rejim eleyhdarı suriyalı Rəhmi əl Seyiddir. Əl Seyidin xərəkdəki görüntülərini isə öz qardaşı çəkməyə müvəffəq olub. Bildirək ki, Əl Seyid uzun müddətdir “Skype” vasitəsilə dünya ictimaiyyətinə görüntü yollayırdı. Bu görüntülər xarici televiziya kanalları tərəfindən tez-tez istifadə olunurdu. Sözügedən hadisələrdə adları hələ bilinməyən iki jurnalistin də yaralandığı və ya öldüyü bildirilib. Homs xəstəxanalarına hər an yeni ölü və yaralı aparılır. Tibbi ləvazimatların çatışmaması isə yaralılıarın müalicəsini çətinləşdirir. Bu arada Suriya ordusunda da ölənlərin sayı artır. Fərarilik edərək müxalifət sıralarına qoşulan hökumət qüvvələri əsgərlərinin sayı da dayanmadan artır. müxalifətin nəzarətində olan İdlib şəhərində sözügedən əsgərlərin görüntülərini çəkmək mümkün olub. Ən maraqlısı isə onların şəxsiyyətlərini gizlətməyə ehtiyac duymaması olub.