Bu gün 47 saylı körpələr evi uşaq bağçasında müəllimlərin interaktiv üsulla maarifləndirilməsi ilə bağlı məşğələ keçirilib. Tədbirdə şəhərin bütün uşaq bağçalarının nümayəndələri iştirak edib.
Gəncənin məktəbəqədər tədris müəssisələrinin iştirakı ilə 47 saylı körpələr evi uşaq bağçasında dayaq məntəqəsi yaradılıb. Bu məntəqədə hər həftənin 3 - cü günləri müxtəlif bağçaların məşğələlərinə start verilir. Bu günkü məşğələnin iştirakçıları 46 saylı körpələr evi uşaq bağçasının müəllim və tərbiyəçi heyəti olub. “Ətraf aləmlə tanışlıq”, “qış fəsli” mövzusunda fəal məşğələni tərbiyəçilər uşaqların simasında nümayiş etdiriblər. Onlar böyük qruplar üzrə dövlət atributları, vətənpərvərlik mövzularında, işğal altında qalmış torpaqlarımız haqda müzakirə aparıblar.
Quliyeva Rüxsarə - 46 saylı körpələr evi uşaq bağçasının müdiri: “Onlar uşaq simasında öz məşğələlərini təqdim etdilər. Məqsəd odur ki, biz tərbiyəçiləri və müəllimləri fəal metoda yönəltməliyik ki, interaktiv üsul və innovasiyaları öz bağçalarında bu məşğələləri təqdim etsinlər”.
İlk dəfə təşəbbüs edilən bu cür məşğələlərin tərbiyəçilərin daha təkmil vasitələrlə tədrisində əhəmiyyətli rol oynayacağı düşünülür.
Xəyalə Mürsəl